Aleksandr Çertoqanov: Yığmadakı vaxtım artıq keçib - MÜSAHİBƏ
23.10.2014 - 11:31
Aleksandr Çertoqanov: Yığmadakı vaxtım artıq keçib - MÜSAHİBƏ

Millimizin sabiq futbolçusu və “Sumqayıt”ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov Ukrayna mətbuatına geniş müsahibə verib. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız “Dnepr” – “Qarabağ” oyunu öncəsi Dnepropetrovskda doğulmuş Çertoqanovun ölkəmizdəki karyerasına nəzər salmağı məqbul bilib.

 

- Sizi “Bakı”nın seleksiyaçıları necə tapdı?

- Məşhur ukraynalı məşqçi Roman Mixayloviç Pokoranın vasitəçiliyi ilə. 2004-cü ilin yayında o mənə dedi ki, futbol meneceri İvan Mariç Azərbaycanda yaxşı şərtləri olan komandaya baxışa getməyi təklif edir. Yaxşı fikirləşdikdən və bütün “lehinə” və “əleyhinə”ləri götür-qoy etdikdən sonra razılığımı verdim. Zaman göstərdi ki, mən öz seçimimdə səhvə yol verməmişəm.

 

- Zaqafqaziya həyatına öyrəşmək əziyyətsiz olmadı ki?

- Evdən uzaq olduğum üçün çətinliyim oldu. Amma məişətə öyrəşmək çox çəkmədi. Burda dərhal çox yaxşı insanlarla tanış oldum. Mənə yaxşı yaşamağım üçün şərait yaradıldı. Əsas odur ki, qonaq olarkən adamlara, mentalitetə və yerli ənənələrə hörmətlə yanaşasan.

 

- Ukraynadan sonra özümüzün ədviyyəli və acı xörəklərimizdən fərqlənən Zaqafqaziya mətbəxinin dadı sizə necə təsir bağışladı?

- Problem olmadı. Çox Azərbaycan şəhərlərində öz milli mətbəxinə məxsus xörəkləri yemək olar. Mən üstünlüyü ət yeməklərinə və yerli şirniyyatlara verirəm. Əlbəttə ki, meyvə və tərəvəzlər də burda çox dadlıdır.

 

- Kifayət qədər çətin olan Azərbaycan dilində başa düşürsünüz?

- Az-maz başa düşürəm. Amma bütün dostlarımın əksəri rusca yaxşı bilir. Ona görə də ünsiyyətdə problem yaranmır. Ancaq azərbaycanca danışmağı bacarmıram. Baxmayaraq ki, gizlətmirəm, azərbaycanca danışmaq istəyim var.

 

- Sizin üçün şəxsən Zaqafqaziya çempionatına yollanmaq irəliyə doğru addımdır?

- O vaxt mən belə hesab etmirdim. Ancaq zaman keçdikcə anladım ki, burda hər şey yalnız yüksəliş mərhələsindədir. Xüsusən futbolda infrastruktur – stadionlar, məşq meydançaları, idman bazaları, mehmanxanalar... Əsasən səfərə gedərkən dözmək lazım gəlirdi. Ancaq bunun çox böyük müsbət məqamları da var. Son illərdə Azərbaycan futboluna maliyyə resurslarını yatırtmaq olduqca yaxşı hal alını alıb, burda insanlar da əməksevərdir. Böyük istəkləri olan çox varlı insanlar pullarını yerli və uşaq futbolunun inkişafına sərf edir. Vaxt keçdikcə hər şey yoluna düşəcək. Məşq bazaları, stadionlar tikilib, məşhur məşqçi və yüksək Avropa səviyyəli futbolçular bura gəlməyə başlayıb. Azərbaycan futbolunun səviyyəsi çox sürətlə artmağa başlayıb.

 

- 2005-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərkən nəyə əsaslandınız?

- Yüksək beynəlxalq səviyyədə ölkənin yığmasında oynamağı mənə təklif etdilər. Bu, böyük şərəf və məsuliyyət idi. Axı belə yüksək səviyyədə dünya ulduzları və güclü yığmalara qarşı çıxış etmək maraqlı olacaqdı. Ona görə də məmnuniyyətlə razılıq verdim. Onsuz da Ukrayna yığmasında həmin vaxt oynamaq şanslarım da yox idi. Çünki “dayaq” mövqeyi bizim millidə ən problemli yer deyil. O mövqedə həmişə Aleksey Qay, Anatoli Timoşuk, Hollandiyada çıxış etmiş Yevgeni Levçenko, dnepropetrovkslular – Ruslan Rotan və Sergey Kravçenko kimi səviyyəli futbolçular oynayıb. İndi isə “Dinamo”dan Denis Qarmaş, Sergey Rıbalka, “Şaxtyor”dan Taras Stepanenko kimi gənclər dayaq yarımmüdafiəsində çıxış edir. Bu vəziyyətdə həmişə ağılla situasiyanı və öz gücünü qiymətləndirmək lazımdır.

 

- Maraqlıdır, yerli azarkeşlərin milli komandada çıxış edən əcnəbilərə münasibəti necədir?

- Cavab vermək çətindir. Belə deyim: həmişə meydanda hər şeyin 100 faizini ortaya qoymalı və mümkün qədər yaxşı oynamalısan. Onda problem olmayacaq, əks halda azarkeşlər səni “fitə basacaq”.

 

- Azərbaycanlılar sizi hələ yığmada görəcək?

- Belə tezliklə yox. Mənim vaxtım artıq keçib. Gənc uşaqlara yol vermək lazımdır.

 

- Rəqib futbolçulardan kimi qeyd edə bilərsiniz ki, ona qarşı oynamaq çətin idi?

- Almaniya yığması ilə oynamaq çox çətin idi. Bundestim bütün xətlərdə möhkəm, balanslaşdırılmış və yaxşı qurulmuş komandadır. Ümumiyyətlə, çox futbolçu ilə oynamaq çətin idi. Onların sayı çoxdur. Öz parlaq fərdi oyunu ilə belçikalı Eden Azar, alman Mixael Ballakla Bastian Şvaynştayger, portuqaliyalılar Deku və Kriştianu Ronaldu yadımda qalıb... Çox yaxşı texnikaları və meydanı görmək bacarığı olan əla futbolçulardır. Öz yığmalarının əsl liderləridirlər.

 

- Sizə məlumdur ki, Azərbaycan yığmasında 54 matç keçirməklə öz göstəricinizə görə millinin top-siyahısına daxil olmusunuz?

- Yığmada neçə oyun!? Özüm statistika aparmamışam, amma dostlar və futbol rəqəmlərini sevənlər mənə bu haqda deyib.

 

- Siyahıya görə, Azərbaycanda 6-cı komandada oynayırsınız. Bunlardan hansında yaxşı illəriniz keçib?

- Oynadığım hər komandada mənə rahat olub. Hər yerdə mənə yaxşı yanaşıblar, komanda yoldaşlarımla heç vaxt münaqişə və problemlərim yaranmayıb. Oyunda və gündəlik həyatımda həmişə qarşılıqlı anlaşma və yaxşı ab-hava olub. İdman baxımından demək olar ki, bütün klublarda biz Azərbaycan çempionatı və kubokunda uğurlara yiyələnmişik.

 

- Hazırkı klubunuz “Sumqayıt” çempionatda IV yeri tutur. Turnir vəziyyətinizi düzəldə və mükafatçı 3 komanda arasında düşə biləcəksiniz?

- Bəli, bizim çempionatın medallarını qazanmaq və Avroliqada iştirak etmək kimi hədəfimiz var. Turnir cədvəlində komandalar arasında xal fərqlərinin az olması buna imkan verir, liderdən cəmi 3 xal geridəyik, çempionatda “3-lük” üçün mübarizə aparacağıq.

 

- Azərbaycan çempionatında çıxış edən ukraynalılarla münasibətlərinizi davam etdirirsiniz?

- Vladimir Levinlə çoxdan dostuq. Bir yerdə yığmada oynamışıq, həmçinin birgə Bakı “İnter”ində çıxış etmişik. Komandamızda qapıda Ujqoroddan olan Andrey Popoviç dayanır. O, Azərbaycanın gənclər millisində oynayıb. İndi isə onun aktivində Azərbaycanın əsas millisində bir neçə oyun var. Digər uşaqlarla da ünsiyyət qururam.

 

- Azərbaycan Premyer Liqasının səviyyəsini necə hesab edirsiniz?

- Premyer Liqanın yarış səviyyəsi son illərdə qeyd olunacaq dərəcədə artıb. Yerli futbol federasiyası komandaların 4 dövrə oynadığı çempionat keçirir! Əvvəlcə 12 komanda öz arasında oynayır. Sonra ilk 6 klub ən yüksək yerlər, qalan komandalar isə güclülər dəstəsində qalmaq uğrunda mübarizə aparır (görünür, Çertoqanov “altılıq” sisteminin ləğv olunmasından xəbərsizdir – red.). Çempionat gözlənilməzliklə doludur. Təxminən 7 komanda eyni səviyyədədir. Həmişə onlara qarşı oynamaq və meydanda mübarizə aparmaq maraqlıdır.

 

- Əvvəlki illərdə olduğu kimi azərbaycanlı futbolçuların fərdi oyunu birinci yerdə durur?

- Bəli. “Texnarlar” çempionatda kifayət qədərdir. Ancaq fikrimcə, tezliklə yerli futbolçuların fiziki durumları da qaydasında olacaq. Burda uşaq futboluna böyük diqqət ayrılır. Futbol akademiyaları tikilir, səviyyəli mütəxəssislər dəvət olunur. İnanıram ki, nəticə özünü gözlətməyəcək. Azərbaycanda böyük futbol canlanması var!

 

- Hələ uzun müddət oynamağı planlaşdırırsınız?

- Hər şey yaxşı olsa, onda hələ bir neçə il də oynamağı düşünürəm.

 

- Karyeranızda ən yadda qalan matç və qolu xatırlaya bilərsiniz?

- Karyeram boyu çox qol vurmamışam. Amma ən yadda qalan qol yəqin ki, Azərbaycan çempionatında “Neftçi”nin qapısına vurduğumdur. Keçmiş klubuma qarşı oynamaq üçün böyük istəyim vardı. Mən onda “İnter”dən “Qəbələ”yə keçmişdim. Bu komandaya məni britaniyalı Toni Adams dəvət etmişdi. Biz çempionata pis başlamadıq, liderlər arasında idik, amma sonra uğursuzluq zolağına düşdük, Adams istefaya getdi... Təqvimə görə biz “Neftçi” ilə qarşılaşmalı idik, bakılılar onda son çempion idilər. Matç vaxtı hakim cərimə təyin etdi. Mən uzaqdan zərbə vurmaq qərarına gəldim və qol vurdum! Emosiyalarım aşıb-daşırdı. Çünki “Neftçi”də 4 il keçirmişdim, yeni məşqçi gələn kimi komandada islahatlara başlamışdı və məni komandadan çıxartmışdı. Həmin vaxt rəhbərlikdən çox incimişdim. Nəinki idman, hətta maliyyə baxımından onlar özlərini düzgün aparmamışdılar. Müqaviləyə görə mənə ödənilməli olan bütün pulları onlar sadəcə “dondurmuşdular” və ona görə də hər şeydən əvvəl psixoloji baxımdan bu qol mənim üçün vacib idi.

 

- Karyeranızı bitirdikdən sonra nə etməyi planlaşdırırsınız?

- İstəyim adidir. Karyeramı bitirdikdən sonra istərdim ki, özümün ailəm olsun. Futboldan başqa, mənim çox da böyük olmayan biznesim var.

 

- Dnepropetrovskdakı valideynlərinə tez-tez baş çəkirsiz?

- Tez-tez çəkməyi istərdim. Amma mən idmançıyam. 6 aydan bir evdə ola bilirəm. Vətəndə hər şey yaxşdır. Mənə valideynlərimin – atam Yuri Vladimiroviç və anam Nadejda Nikolayevnanın sağlamlığı çox vacibdir. Azərbaycanda da özümü narahat və qonaq qismində hiss etmirəm. Mənim bu Zaqafqaziya respublikasında çoxlu yaxşı dost-tanışlarım var.

 

- Özünü daha çox necə - ukraynalı, yoxsa vətəndaşlığını daşıdığın ölkənin sakini kimi hiss edirsən?

- Mənim vətənim Ukraynadır! Azərbaycan isə mənim ikinci vətənimdir!

 

- Azərbaycan vətəndaşlarının Ukraynadakı hadisələrə münasibəti necədir?

- Ukraynadakı hadisələrə adamlar həyəcanla yanaşır və onların hamısı istəyir ki, tezliklə münaqişə yoluna qoyulsun. Azərbaycanda Ukrayna xalqını sevir və hörmət edirlər.

0