Oğuz Çətin: “Qarabağ”ın qələbəsi bizə problem yaradacaq – MÜSAHİBƏ
24.10.2014 - 11:55
Oğuz Çətin: “Qarabağ”ın qələbəsi  bizə problem yaradacaq – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətinin apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının IX turunda “Qarabağ”la üz-üzə gələcəksiniz. Komandanız bu oyuna hazırdı?

- Ciddi hazırlaşmışıq. “Qarabağ” çox güclü rəqibdi. Səfərdə oynayacağıq və bizim üçün heç də asan olmayacaq. Heyətimizdə 2 zədəli futbolçu var. Cahangir Həsənzadə və Deyan Blajevskinin qarşılaşmaya qədər hazır olub-olmayacağı bilinmir.

 

- Həmin 2 futbolçunun yoxluğu qarşılaşmaya öz təsirini göstərə bilərmi?

- Deyan məşqlərdə həmişə yaxşı çalışır. Amma son oyunlara baxsaq, ilk “11-lik”də meydana çıxmır. Amma Cahangir əsas heyət üzvüdü, komandaya gəldiyi gündən bütün matçlarda meydana çıxdı. Onun olmamağı təbii ki, oyuna təsir edə bilər.

 

- “Qarabağ”ın “Dnepr”ə qarşı oyununu izlədiniz?

- Əlbəttə. Oyundan öncə də düşünmək olardı ki, “Qarabağ” səfərdə qalib gələ bilər. Yaxşı oyun göstərdilər və 3 xalı əldə etdilər. Bu reallığı qəbul etmək lazımdı ki, “Qarabağ” güclü kollektiv oyun nümayiş etdirən, keyfiyyətli futbolçulara malik komandadı.

 

- “Xəzər Lənkəran” Avropa Liqasında Ukrayna çempionatını liderini məğlub etmiş komandanı məğlub edə biləcəkmi?

- Bu matçın çətinliyini və əhəmiyyətini anlayırıq. Bizi çətin səfər qarşılaşması gözləyir. Amma Topaz Premyer Liqası ilə Avroliqanı müqayisə etmək olmaz. Daxili çempionatda istənilən klub digərini məğlub edə bilər. Bura fərqli turnirdi. “Xəzər Lənkəran” da qələbə inancı ilə bu oyuna hazırlaşıb. 3 xalı qazanmağa çalışacağıq.

 

- “Qarabağ” Avroliqada səfərdə oynayıb və 2 gün sonra sizinlə üz-üzə gələcək. Onların yorğun olması komandanıza kömək edə bilər?

- Düşünmürəm ki, “Qarabağ” fiziki cəhətdən yorğun olacaq. Çünki bu komandanın güclü heyəti və baş məşqçisi var. Psixoloji cəhətdən də hazır olacaqlar. Avroliqa oyununda səfərdə qələbə qazanıblar və əhval-ruhiyyə əladı. Yəni “Qarabağ”ın səfərdə oynaması və qalib gəlməsi bizim üçün üstünlük deyil. Əksinə, onların qələbəsi, psixoloji durumunun yüksək olması bizə problem yaradacaq.

 

 

Elsevər MƏMMƏDOV

0