Azərbaycan yığmasının baş məşqçisi bəlli oldu – EKSKLÜZİV
24.10.2014 - 12:51
Azərbaycan yığmasının baş məşqçisi bəlli oldu – EKSKLÜZİV

Kişi və qadınlardan ibarət Azərbaycan millilərində baş məşqçi dəyişikliyi rəsmiləşib. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov verib.

 

O bildirib ki, kişilərdən ibarət Azərbaycan millisində Ələkbər İmaməliyevi 49 yaşlı iranlı mütəxəssis Reza Mehmandost əvəzləyib. Çin Taypeyi və İran yığması ilə böyük uğurlar qazanmış təcrübəli mütəxəssislə 2016-cı ilin sonuna kimi müqavilə bağlanılıb.

 

Səfərovun sözlərinə görə, Mehmandost komandamıza uğurlar qazandıracağı halda, anlaşma daha 1 Olimpiya tsikili müddətinə artırıla bilər: “Yeni baş məşqçimizə ümidlərimiz böyükdü. İnanırıq ki, Mehmandostla böyük uğurlar qazanacağıq. O, 2002-ci ildə Çin Taypeyinin yığmasını çalışdırıb, 2 il sonra Afina Olimpiadasında bu ölkəyə 2 qızıl medal qazandırıb. Bunun nəticəsində həmin vaxt ilin məşqçisi seçilib. Yeni çalışdırıcımız İran millisi ilə də böyük uğurlara imza atıb. 2010-2013-cü ildə cənub qonşularımızı çalışdıran mütəxəssis 2011-ci ildə bu komandaya 3 qızıl medal qazandırmaqla, növbəti dəfə ilin ən yaxşısı titulunu qazanıb”.

 

Qadın komandamızda Gündüz Abdullayev baş məşqçi postunu təhvil aldığı cənubi koreyalı Sun Mi Parka təhvil verib. Əslində, asiyalı Olimpiya yığmamızda işlədiyindən əsas millimizdə debüt edəcəyini də demək olar. Çünki o, məhz olimpiyaçılarımıza cavabdehlik daşıyırdı və London Olimpiadasında uğur qazanılmadığı üçün millidən kənarlaşdırılmışdı.

 

Səfərov bildirib ki, Mehmandost kimi Parkın da qarşısına ciddi nəticələr qazanmaq tapşırığı qoyulub və o, komandamızın potensialını yaxşı bildiyi üçün uğur qazanacağına inam yüksəkdi.

 

Qeyd edək ki, İmaməliyevlə Abdullayev lazımı nəticələri qazana bilmədikləri üçün postlarından kənarlaşdırılıblar. Lakin onlar yığmamızda məşqçi karyeralarını davam etdirəcəklər.

 

0