[b]Maksim Medvedev: Bəlkə də ayaqlarımız əsərdi[/b] - MÜSAHİBƏ
24.10.2014 - 16:33
[b]Maksim Medvedev: Bəlkə də ayaqlarımız əsərdi[/b] - MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsinin III turunda “Dnepr” üzərində 1:0 hesablı qələbə qazanan “Qarabağ” klubunun müdafiəçisi Maksim Medvedevin apasport.az saytına müsahibəsi.

 

- Görüş necə keçdi?

- Oyun çətin alındı. Belə də gözləmək olardı. Çünki “Dnepr” güclü komandadı. Heyətində yaxşı futbolçuları var. Konoplaynka, Rotan kimi yüksək səviyyəli oyunçulara malikdirlər. Üstəlik, Nikola Kaliniç kimi ucaboy hücumçusu hava toplarında inamlı oynayır. Hazırda Ukrayna çempionatında lider olması da buna sübutdu. Ona görə də belə rəqibə qarşı oynamaq çətin idi. Üstəlik, hava da çox soyuq idi. Təbii ki, bu amil oyuna təsirsiz ötüşmürdü. Amma biz yenə kollektiv olduğumuzu göstərdik. Rəqibdən qorxmadıq. Ola bilər ki, biz fərd kimi onlardan zəif olaq. Lakin komanda olaraq, rəqibdən güclü olduğumuz göstərdik. Ona görə də qələbə qazana bildik.

 

- Qarşılaşmadan öncə “Qarabağ”da müəyyən qorxu hiss olunurdu. Bu nə ilə bağlı idi?

- Əvvəllər oyunlardan qabaq çox narahat olurduq. Lakin son vaxtlar belə deyil. Qrup mərhələsinə çıxmaqla, missiyamızı yerinə yetirmişik. İndi bizdən fantastik nəsə tələb olunmur. Buna görə də hər hansı təzyiq hiss etmirik. Əgər biz “Dnepr”lə qrup mərhələsinə düşmək üçün oynasaydıq, bəlkə də ayaqlarımız əsərdi. Amma Allaha sükür, yaxşı oynadıq və layiqli qələbə qazandıq.

 

- Oyundan əvvəl rəqibin baş məşqçisi Miron Markeviç demişdi ki, bizə çempionat avroliqa oyunlarından daha vacibdi...

- Oyunda bunu hiss etmədik. Rəqib futbolçular çox çalışırdılar ki, qol vursunlar, bizə qalib gəlsinlər. Hətta elə anlar olurdu ki, rəqib futbolçular bir-birləri mübahisə edirdilər. Çalışırdıq ki, oyunumuzla onları özündən çıxaraq və konsentrasiyalarını pozaq. Bunun da öhdəsindən gəldik.

 

- İki həftə sonra Bakıda cavab qarşılaşması keçiriləcək. Həmin matçın daha çətin keçəcəyi gözlənilir. Siz də belə düşünürsünüz?

- Həmin oyun başqa cür olacaq. İndi rəqib bizi tanıyır, hansı oyun üslubuna üstünlük verdiyimizi öyrənib. Daha diqqətli oynamalı və daha istəkli olmalıyıq.

 

- Qrupda vəziyyət elədi ki, növbəti mərhələyə adlamaq üçün yaxşı şans yaranıb. Cavab matçında qalib gəlmək mümkün olsa, o zaman işlər daha yaxşı olar...

- İnşallah, ilk dəfədir belə təcrübə toplayırıq. Əgər bu dəfə də uda bilsək, növbəti mərhələyə çıxmaq üçün şans yaranacaq.

 

- İndi “Sent-Etyen”i Bakıda yenə bilməməyin təəssüfünü yaşayırsınızmı?

- Onları yensəydik, indi 6 xalımız vardı. Daha yaxşı vəziyyətdə idik. Təəssüf ki, çox çalışsaq da, Bakıda onları məğlub edə bilmədik. Düzdür, “Sent-“Etyen” yaxşı, sabit komandadı. Onlar hələ qapılarından qol buraxmayıblar. Düşünürəm ki, onlarla Fransadakı görüş həlledici olacaq.

 

- Həftəsonu ölkə çempionatında “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?

- İndi bütün diqqətimizi çempionata yönəltməliyik. Gərək çalışaq ki, daim formada olaq, zədələnməyək. Hazırda bizim yaxşı heyətimiz var. İnanıram ki, hər iki cəbhədə mübarizə aparmağı bacaracağıq.

 

- “Xəzər Lənkəran” qeyri-sabit oynayır. Bu, sizin üçün üstünlük sayıla bilərmi?

- Əlimizdən gələni edəcəyik ki, həmin görüşdə qələbə qazanaq. Təbii ki, müəyyən yorğunluq var. Lakin bunun oyunda özünü göstərməməyi üçün əlimizdən gələni edəcəyik.

 

0