Yol əhvalatı və ya hakimlərin ezamiyyə pulu
24.10.2014 - 23:00
Yol əhvalatı və ya hakimlərin ezamiyyə pulu

“Qulaq gündə bir söz eşitməsə, kar olar” məsələni dəyişib, belə demək lazımdı: göz gündə bir yenilik görməsə, kor olar. Elə bizim futbolda o qədər əcaib, məntiqsiz, hərbə-zorba hadisələr baş verir ki...

 

Oktyabrın 21-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Toplantıda  I divizionda keçirilmiş “Mil-Muğan” - “Qaradağ Lökbatan” matçında baş verənlərlə, daha doğrusu, hakimlərin oyuna gecikməsi üzündən matçın 30 dəqiqə gec başlaması ilə bağlı göstəriş var.

 

Ölkənin futbol təsərrüfatına cavabdehlik daşıyan qurumun İntizam Komitəsi Hakimlər Komitəsinə matça gecikən referilərlə bağlı lazımı ölçü götürməyi və bununla bağlı İntizam Komitəsinə məlumat verməyi tapşırır. Əslində, komitənin bu tələbində qeyri-adi məqam yoxdu. Hakimlər Komitəsi araşdırmalı, gecikmənin səbəbini ortaya çıxarmalı, referiləri cəzalandırmalıdı. Bəs futbol Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov İntizam Komitəsinə hansı jesti ilə cavab verib?

 

Əslində, matça gecikən Elvin Əsgərovun cəzalandırılacağı qaçılmaz idi. Amma Məmmədov onu “cəzalandıraraq” Premyer Liqaya təyinat verib. O, hakimin matça gecikməsini isə özünəməxsus məntiqlə izah edib. Sən demə, hakimləri oyuna aparan maşın yolda xarab olub. Buna görə də referilər Bakıya dönüb, səfərə başqa maşınla  yollanıblar.

 

Bəlkə də bunu hardasa başa düşmək olar. Texnikadı, istənilən vaxt iş prosesində problem yarada bilər. Ancaq bu, heç kimə əsas vermir ki, ezam olunduğu məntəqəyə geciksin.

 

Məsələnin digər tərəfi də var. İstənilən əyalət oyununa hakimlər matçdan bir gün əvvəl yollanır. Daha doğrusu, ezamiyyə yazılarkən onların səfərə matçdan bir gün əvvəl yollandığı göstərilir. Bu məntiqlə Əsgərov və briqadası İmişliyə oktyabrın 17-də yox, 16-da getməli idi. Necə ki, UEFA oyunlara təyinat verən zaman hakimlər matçın keçiriləcəyi vaxtdan ən azı 24 saat əvvəl həmin ölkədə olur. AFFA-da qitə futbol qurumuna tabe olduğundan, həmin qanunlarla işləyir. Bəs onda Məmmədovun təyinat verdiyi hakimlər oyuna niyə gecikir?

 

Bundan başqa, həm də referi İmişliyə oyun günü yollanmaqla bir gün artıq ezamiyyə pulunu “çırpışdırmış” olur. Bu qədər əyalət oyunlarının keçirildiyini və hər hakimin 1 gün artıq ezamiyyə pulunu mənimsədiyini nəzərə alsaq, alınacaq rəqəmi təsəvvür eləmək çətindi. Sonda AFFA-nın illik büdcəsi açıqlananda sorğu-sual olur ki, bu qədər pul hara xərclənir.

 

0