“Qəbələ”dən uğurlu start
25.10.2014 - 00:10
“Qəbələ”dən uğurlu start

“Qəbələ” Futbol Akademiyası mövsümün ilk səfərinə start verib. Apasport.az saytının məlumatına görə, 15 yaşlılardan (2000-ci il təvəllüdlü) ibarət komandamız Litvanın  paytaxtı Vilnüsdə təşkil olunan “Ateitis Cup 2014” beynəlxalq turnirində mübarizəyə başlayıb.

Mehman Yunusovun  başçılıq etdiyi kollektiv Baltikyanı ölkədə oktyabrın 26-dək davam edəcək yarışın ilk günündə 3 matç keçirib. Turnirə uğurla başlayan komanda bu görüşlərdə 6 xal əldə edib.

U-15 ilk qarşılaşmasında “Feniks” (Kaunas, Latviya) komandası ilə görüşüb, 2:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” turnirə qələbə ilə başlamağı bacarıb. Komandanın qollarını Kamran Quliyev və Fəqan Məsimov vurub.

 

II turda Milli Futbol Akademiyası (Litva) ilə görüşən “Qəbələ” meydanı 0:2 hesablı məğlubiyyətlə tərk edib. Növbəti qarşılaşmada “Dinamo” (Kiyev, Ukrayna) ilə üz-üzə gələn Yunusovun yetirmələri rəqibini böyük hesabla məğlub edib – 4:0. Kamran Quliyevin dubl etdiyi matçda Fəqan Məsimovla Eldost Qiyasbəyli hərəyə 1 dəfə fərqlənib.

 

Qeyd edək ki, “Qəbələ” B qrupunda “Orbita”, “Minsk”  (hər ikisi Belarus), “Dinamo” (Kiyev, Ukrayna), Milli Futbol Akademiyası (Litva) və “Feniks” (Kaunas, Latviya) ilə mübarizə aparır.

0