Riçard Almeyda: Mənasız fantaziya uydururlar - MÜSAHİBƏ
30.10.2014 - 14:47
Riçard Almeyda: Mənasız fantaziya uydururlar - MÜSAHİBƏ

“Qarabağ” klubunun yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının X turu çərçivəsində səfərdə “İnter”lə qolsuz bərabərliklə başa çatan oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikirlərinizi bildirərdiniz...

- Rəqibin necə güclü olduğunu hamımız bilirik. Hər iki komanda üçün maraqlı qarşılaşma alındı. Mənə elə gəlir ki, bu, mənim Azərbaycan çempionatında ən yaxşı oyunlarımdan biri idi. 90 dəqiqə ərzində meydanda gərgin mübarizə getdi. Buna görə hər iki komandanı təbrik etməyə dəyər. Belə maraqlı oyun alındığına görə sevinirəm. Amma təbii ki, qələbə qazanmadığımız üçün üzülürəm.

 

- Həm Avroliqada, həm də daxili çempionatda çıxış etdiyinizdən sıx qrafikdə oynayırsınız. Buna baxmayaraq, çempionatda yalnız bir məğlubiyyətiniz var ki, o da texniki məğlubiyyətdi. Bu, “Qarabağ”ın gücündən, yoxsa rəqiblərin zəif olmasından xəbər verir?

- Komandamızda elə bir məşqçi var ki, bütün futbolçuların gücünü və nəyə qadir olduğunu bilir. Bir şeyi də qeyd etmək lazımdı ki, bizim üçün Avropa Liqasının qrup mərhələsində çıxış edəndən sonra Premyer Liqada oynamaq daha rahatdı. Bütün heyət bir yerdə çalışırıq ki, daha yaxşı oyunlar keçirək. “Xəzər Lənkəran”la matçda da Qurban Qurbanov gənc futbolçulara şans vermişdi. Onlar da göstərdilər ki, digərlərindən heç də fərqlənmirlər.

 

- Azərbaycanlı futbol azarkeşləri üçün sizin Avropadakı oyunlarınızla, daxili çempionatda keçirdiyiniz matçlar arasında fərq var. Özünüz də bu fərqi hiss edirsiniz?

- Ciddi fərq hiss etmirik. Sadəcə, azarkeşlər başqa cür düşünürlər. Biz meydançaya çıxanda yalnız qələbə haqda düşünürük.  

 

- Avroliqanın qrup mərhələsinin III turunda səfərdə “Dnepr”i məğlub etdiniz. Amma rəqib bu məğlubiyyətə müxtəlif bəhanələr gətirdi...

- Artıq bu matç keçib. Geridə qalan matç haqqında “belə olardı”, “elə olardı” danışmaq lazımsızdı. Onlar, sadəcə mənasız fantaziya uydururlar. “Qarabağ” güclü idi və səfərdə 3 xal qazandı. Biz isə indi Kiyevdəki qarşılaşma haqqında heç nə düşünmürük. Qarşıdan gələn oyunlara baxırıq.

 

- Noyabrın 6-da Avroliqanın qrup mərhələsinin IV turunda “Dnepr”lə çətin qarşılaşma sizi gözləyir. Bu matç sizin 14 gün ərzində meydana çıxacağınız 5-ci qarşılaşma olacaq. Ondan öncə Premyer Liqanın XI turunda baş tutacaq “Araz-Naxçıvan”la matçınızın təxirə salınmasını istərdiniz?

- Məncə, həmin matçın təxirə salınmasına ehtiyac yoxdu. Çünki artıq futbolçularımız hamısı “Araz Naxçıvan”la qarşılaşmanı düşünür. Bu dəqiqə ağlımızda tək bu oyundu. Hələ “Dnepr”lə qarşılaşmaya qədər vaxt var. Premyer Liqanın növbəti turunda da qələbə qazanmağa çalışacağıq. Ondan sonra Avroliqa matçını düşünmək olar. Bilirsiz, bizə görə əgər sabah çempionat oyunu varsa, Topaz Premyer Liqası birinci plana keçir və hər şeydən önəmli olur. Avroliqada oynayanda isə bu turnir bizim üçün ən vacibi sayılır.

 

 

Elsevər MƏMMƏDOV

 

 

 

 

0