“Qarabağ”ın hansı kluba oxşadığını demək çətindi”
31.10.2014 - 12:02
“Qarabağ”ın hansı kluba oxşadığını demək çətindi”

“Komandamız Ukrayna çempionatından fərqli, Avroliqada uğursuz çıxış edir. Bunun səbəbini bilmirəm”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Dnepr” klubunun futbolçusu Nikola Kaliniç deyib.

 

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində, noyabrın 6-da Bakıda “Qarabağ”la üz-üzə gələcək Dnepropetrovsk təmsilçisinin xorvatiyalı legioneri bildirib ki, Bakıdakı qarşılaşma komandası üçün həlledici olacaq: “Avroliqanın pley-off və qrup mərhələsindəki oyunları nəzərə alsaq, son 4 matçda qol vura bilməmişik. Bu, çox pis nəticədi. Bu uğursuzluğa Bakıda son qoymaq istəyirik. “Qarabağ”la qarşılaşma həlledici olacaq. Düzdü, “Qarabağ”a Ukraynada məğlub olduq. Amma həmin qarşılaşma bizim üçün ev oyunu sayıla bilməz. Demək olar səfərdə oynadıq. “Qarabağ”la yenə səfərdə üz-üzə gələcəyik. Çalışacağıq ki, Kiyevdəki məğlubiyyətin əvəzini çıxaq”.

 

Futbolçunun fikrincə, “Qarabağ” Fransanın “Sent-Etyen” və İtaliyanın “İnter” klublarından zəif deyil: “Bilirəm, hamınız düşünürsünüz ki, “Qarabağ” “Sent-Etyen” və “İnter” kimi güclü deyil. Bizim üçün zəif rəqib sayılmalıdı. Amma hər kəs gördü ki, bu yanlış düşüncədi. “Qarabağ”ın heyətində milli üzvləri, güclü legionerlər var. Məğlub olmaq ehtimalımızın olacağını oyundan əvvəl də bilirdik. Rəqib qol vurandan sonra müdafiə olunmağa başladı. Arxa xətdə çox düzgün oynadılar və bunun nəticəsində 3 xalı qazandılar. Belə komandalarla qarşılaşmalar daha çətindi”.

 

“Sport-express.ua” saytının əməkdaşının “siz “Sent-Etyen”lə oyundan sonra demişdiniz ki, Fransa klubu “Metallurq”a oxşayır. Bəs, “Qarabağ”ı hansı Ukrayna klubuna bənzədirsiz” sualına xorvatiyalı hücumçu belə cavab verib: “Qarabağ”ın hansı Ukrayna klubuna oxşadığını demək çətindi. Amma yaxşı oyun taktikası var. Əmin olun ki, Azərbaycan klubu çox güclüdü”.

 

“Dnepr”in qrupdan çıxmaq şansının qaldığını vurğulayan Kaliniç vurğulayıb ki, hər şey özlərindən asılıdı: “Prinsipcə, hər şey öz əlimizdədi. Bakıda qalib gəldikdən sonra “Sent-Etyen”i də məğlub etməliyik. Bundan sonra qrupdan çıxmağımız üçün maneə qalmayacaq”. 

 

0