“O, Azərbaycan futbolunda böyük nüfuz sahibidi” - FOTO
31.10.2014 - 17:28
“O, Azərbaycan futbolunda böyük nüfuz sahibidi” - FOTO

“Karyeramın sonunda ən uğurlu 2 mövsümü Bakının “İnter” klubunda keçirdim. Bu komandanın baş məşqçisi Kaxaber Sxadadzeyə minnətdaram. O, müdafiədə çıxış edən futbolçu olduğundan, məndə öz komandasını gücləndirə biləcək perspektiv görmüşdü”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in sabiq müdafiəçisi Kaxaber Mjavanadze deyib.


36 yaşlı Mjavanadze Ukraynanın football.sport.ua saytına verdiyi geniş müsahibədə karyerası haqqında danışıb. O, 2002-2005-ci illərdə “Anji”də millimizin sabiq futbolçuları Narvik Sırxayev və Şamil Lahiyalovla birgə oynaması haqqında da fikirlərini bildirib.

Hazırda ukraynalı həyat yoldaşı ilə birgə Kiyevdə yaşadığını bildirən gürcüstanlı futbolçu “İnter” karyerası haqda bunları deyib: “Mən meydanda öz hərəkətlərimlə məşqçini pis vəziyyətdə qoymamağa çalışırdım. Bakılılarla ölkə çempionu oldum, “Birlik Kuboku”nu qazandıq. Komandaya həmişə yüksək maraq vardı. Bu maraq təkcə mətbuat və azarkeşlər tərəfindən deyildi. Komandanı çempionluq münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyev təbrik etmişdi (əslində, bu təbrik “Birlik Kuboku”ndakı zəfər münasibəti ilə olub – red.). “İnter”də özümü yenidən vacib oyunçu kimi hiss etdim. Bakıda həmyerlim İlya Kandelaki ilə birgə oynadım. Onunla biz birgə Odessa “Çernomorets”ində oynamışdıq. Ukraynalı dayaq yarımmüdafiəçisi Saşa Çertoqanovla dostlaşdım. O, Azərbaycan futbolunda böyük nüfuz sahibidi”.

Qeyd edək ki, Gürcüstan yığmasında 14 oyun keçirmiş Kaxaber Mjavanadze Gürcüstanda “Şukura”, Batumi “Dinamo”su, Rusiyada Moskva “Spartak”ı, “Anji”, Ukraynada “Çernomorets”, “Dnestr”, Moldovada “Daçiya”da çıxış edib. Mjavanadze peşəkar futbolçu kimi sonuncu dəfə 2009-2011-ci illərdə “İnter”də oynayıb.

 

0