Yığmamız “uğursuzluq zolağı”ndan çıxa bilmir
11.11.2014 - 11:28
Yığmamız “uğursuzluq zolağı”ndan çıxa bilmir

Qazaxıstanın Almatı şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Rio-de-Janeyro Olimpiadasına lisenziya xalı verən mundialda “uğursuzluq zolağı”ndan çıxa bilmir.

 

Belə ki, komandamızın üzvlərindən 56 kq çəki dərəcəsində podiuma çıxan Elmar Əliyev 31 atlet arasında 24-cü olub. Həmyerlimiz birdən qaldırmada 103 kq, təkanla qaldırmada 138 kq çəkini ram edib. 2 hərəkətin cəmində 238 kq yükün altına girən Əliyev çempion Çol Om Yundan (Şimali Koreya) nə az, nə çox 58 kq geri qalıb.

 

Yığmamızın digər idmançısı Rüstəm İmanzadə (62 kq) də ümidləri doğrultmayanlar sırasındadı. Yekun nəticədə 267 kq (120 kq + 167) çəkini baş üzərinə qaldıran təmsilçimiz 39 idmançı arasında 17-ci yeri tutub. Bu çəki dərəcəsində qızıl medala yiyələnən Guk Kim Un (150 kq + 175 kq = 325) da şimali koreyalı olub və yenə həmyerlimizdən 58 kq artıq qaldırıb.

 

Qadın idmançılarımızdan 53 kq çəki dərəcəsində gücünü yoxlayan Boyanka Kostova və Gülçin Əlizadə də çıxışını yekunlaşdırıb. Onlardan, ümumiyyətlə hələlik ən yaxşı nəticəmizi bolqarıstanlı legionerimiz müəyyənləşdirib. Kostova 2 illik fasilədən sonra 2 hərəkətin cəmində 200 kq çəkinin öhdəsindən gəlib. O, birdən qaldırmada 91 kq, təkanla qaldırmada 109 kq çəkiyə tab gətirərək, 34 idmançı arasında 8-ci pillədə qərarlaşıb. Əlizadə isə 2 hərəkətin cəmində Boyankadan 40 kq geri qalib – 160 kq (70 kq + 90 kq). Zülfiyə Çinşanlu (Qazaxıstan) isə 328 kq (98 kq + 134 kq) çəkinin öhdəsindən gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Yeri gəlmişkən, mundiala 13 idmançı ilə yollanacağını açıqlayan Azərbaycan millisi son anda heyətə əl gəzdirib. Macarıstanlı baş məşqçimiz Tomaş Feher səfəröncəsi qeyri-müəyyən səbəbdən Almatıda böyük ümidlər bəslənilən Anastasiya İbrahimli (69 kq), Rauf Nəbiyev (62 kq), Əfqan Bayramov (69 kq), İvan Stoitsov (77 kq), həmçinin, Orxan Əliquluzadə, Rövşən Fətullayev (hər ikisi 94 kq) və Azər Məmmədlinin (+105 kq) xidmətindən imtina edib.

 

Əvəzində 6 atletlə Almatıya yollanan komandamızın heyətində qarşıdakı günlərdə Elnurə Abbasova (63 kq) və Dadaş Dadaşbəyli (94 kq) də nəyə qadir olduğunu göstərəcəklər. Dadaşbəyli isə əvvəlki siyahıda 105 kq çəki dərəcəsində qüvvəsini sınamalı olsa da, çəkisi də dəyişdirilib.

 

Dünya çempionatı noyabrın 16-da başa çatacaq.

 

0