Boyanka Kostova: Heç məşqlərdə belə çəki qaldırmamışdım
11.11.2014 - 11:35
Boyanka Kostova: Heç məşqlərdə belə çəki qaldırmamışdım

“London Olimpiadasından sonra 2 il ərzində heç bir yarışa qatılmamışdım. Bu müddət ərzində məşq etmir, yalnız istirahətə üstünlük verirdim”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostova (53 kq) deyib.

 

Milliləşdirilmiş legioner Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında çıxışını şərh edib.

 

2 hərəkətin cəmində 200 kq (91 kq + 109 kq) çəkini başı üzərinə qaldıraraq, 8-ci olan Kostova nəticəsindən razı qalıb. O bildirib ki, fərqli çəki dərəcəsində mübarizə aparsa da, son 1 ayda etdiyi məşqlərin bəhrəsini görüb: “Bu, 2 ildən sonra ilk beynəlxalq yarışım idi. Fasilədən sonra birbaşa dünya çempionatına qatıldım. 2011-ci ildə Parisdə baş tutan mundialda 53 kq çəki dərəcəsində gücümü yoxlasam da, sonrada 58 kq çəki dərəcəsinə keçmişdim. İştirak etdiyim axırıncı Avropa çempionatında və Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində podiuma çıxmışdım. 2 illik fasilədən sonra çəki yığmaq çətin idi və bu səbəbdən də 53 kq çəkidə gücümü yoxlayıram. Bu, mənim üçün yad kateqoriya da deyil. Almatıda keçirilən dünya çempionatına hazırlıqlara 1 ay öncə başlamışam və nəticəmdən razı qaldığımı deyə bilərəm”.

 

Kostovanın sözlərinə görə, məşqlərdə göstərə bilmədiyi nəticəsini mundialda müəyyənləşdirib: “Heç məşqlərdə belə çəki qaldırmamışdım. Birdən qaldırmada 87 kq, təkanla qaldırmada 105 kq çəkinin öhdəsindən gəlirdim. Yarışda isə hər 2 hərəkətdə daha artığına nail oldum”.

 

 

0