“Mənə zərbə vurması üçün gərək Sxadadzenin 2 başı ola” - MÜSAHİBƏ
20.11.2014 - 23:07
“Mənə zərbə vurması üçün gərək Sxadadzenin 2 başı ola” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XII turu çərçivəsində səfərdə “İnter”ə 1:3 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun idman direktoru Yunis Hüseynov qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Qarşılaşma haqqında baş məşqçi danışsa yaxşıdı. Məğlubiyyətin səbəbini Oğuz Çətin izah edə bilər. Uduzduq, “İnter”i qələbə münasibətilə təbrik edirik. Ancaq “İnter”in baş məşqçisi Kaxaber Sxadadze görüş başa çatdıqdan sonra bizi çox əsəbiləşdirdi.

 

- Həmin vaxt nə baş vermişdi?

- Matç başa çatdıqdan sonra Kaxaber Sxadadze bizim məşqçilər əyləşən tərəfə çevrilib, qolu ilə ədəbsiz jest elədi.

 

- Sxadadzenin bu hərəkətinə etiraz etdiyiniz vaxt sizə yumruq atdı...

- Yumruq ata bilər. Amma mənə zərbə vurması üçün gərək Sxadadzenin 2 başı ola.

 

- Bəlkə Sxadadze qələbədən doğan emosiyanın nəticəsi olaraq, belə hərəkət edib?

- Niyə belə elədiyini deyə bilmərəm. Qələbə qazanıb deyə, ədəbsiz jest eləməlidi? Artıq hərəkətə nə ehtiyac vardı?

 

- Maraqlıdı ki, “Xəzər Lənkəran”la hər oyundan sonra Sxadadze daha çox qalmaqal yaratması ilə yadda qalır...

- Onun cavabını vermək lazımdı. O cür hərəkətləri biz heç vaxt etmərik. Sxadadzedən fərqli, biz əxlaqımıza fikir verən insanlarıq.  

 

- Yeri gəlmişkən, Sxadadzenin adı bir ara yığmanın baş məşqçi postuna namizədlər sırasında yer alırdı...

- Olsun da... Söhbət məşqçinin hərəkətindən gedir. Bu, baş məşqçiyə yaraşmayan hərəkətdi.

 

- Oyun zamanı niyə bu qədər sadə səhvlərə yol verdiniz?

- Bəli, öz səhvlərimizdən məğlub olduq. Xüsusilə, müdafiə xətti çox zəif təsir bağışladı. Bu, ilk dəfə deyil. Arxa xətt əksər oyunlarda bu cür səhvlərə yol verib.

 

- “Xəzər Lənkəran” demək olar hər matçda qol buraxır. Müdafiəni niyə gücləndirə bilmirsiniz?

- Bu haqda baş məşqçi danışsın. Mənim nəsə deməyim düzgün olmazdı. 

 

 

 

0