Elvin Məmmədov: Uduzan komanda həmişə belə edir - MÜSAHİBƏ
21.11.2014 - 00:02
Elvin Məmmədov: Uduzan komanda həmişə belə edir - MÜSAHİBƏ

Cari mövsümdə ilk dəfə “İnter” klubunun start heyətində meydana çıxan Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Son 5 turda qələbəyə həsrət qalmışdınız. “Xəzər Lənkəran”la matçda qazanılan 3 xal yenidən komandanın yüksələn xətlə inkişaf edəcəyini deməyə əsas verirmi?

- Vacib olan 3 xal qazanmaq idi. Bəli, son 5 oyunda ancaq heç-heçələri sıralayırdıq. Bu dəfə 3:1 hesablı qələbə ilə məqsədimizə çatdıq. Yəqin ki, bu dönüş nöqtəsi olacaq.

 

- Qol vurmaqda çətinlik çəkən “İnter”in bu dəfə 3 dəfə fərqlənəcəyi gözlənilən idi?

- Bunun fərqində idik. Həm qol vura, həm də qalib gələ bilmirdik. Ancaq hesabın neçə olmasından çox, qələbə qazanmaq vacib idi. Çünki digər rəqiblərimiz bizə yaxınlaşmışdı. Eyni zamanda, xal itirdikcə zirvədən də uzaqlaşırdıq.

 

- Matçın taleyini erkən qol etdi?

- Fikrimcə, elədi.  

 

- İkinci hissədə müdafiəyə çəkilməyiniz hesabı qorumağa hesablanmışdı, yoxsa rəqibin təzyiqinə tab gətirə bilmirdiniz?

- Məqsədimiz heç də hesabı qorumaq deyildi. Sadəcə, “Xəzər Lənkəran” təzyiqi artırdı. Uduzan komanda hər zaman belə edir. Biz də müdafiədə diqqətli oynamaqla yanaşı, onları əks hücumlarda yaxalamağa çalışırdıq. Yəni, müdafiəyə çəkilməyimizdə rəqibin təzyiqi artırmasının da rolu az olmadı.

 

- “İnter”in son oyunlarda ardıcıl xallar itirməsi nəyin nəticəsi idi?

- Çempionata yaxşı başlasaq da, son matçlarda bunun davamını gətirə bilmirdik. Düzdü, hər meydana çıxanda “İnter” kağız üzərində favorit göstərilirdi. Lakin futbolun öz qanunları var. Xal itirdiyimiz oyunlarla bağlı zəif çıxış elədiyimizi demək düzgün olmazdı. Sadəcə, vacib olan qolları vura bilmirdik. Oyun planında isə axsamırdıq.

 

- Cari çempionatda ilk dəfə start heyətində  meydana çıxdınız. Formanızı tam bərpa etmisinizmi?

- Bunu demək çətindi. Zədə üzündən uzun müddət  ilk “11-lik”də yer almayan futbolçunun tam forma yığması asan deyil. Yəqin ki, məşqçilərimiz bundan sonra bizə tam güvənəcəklər.

 

- Əvəzlənməyiniz yorğunluqla bağlı idi, yoxsa taktiki dəyişiklik idi?

- Bu baş məşqçinin qərarı idi. Yorğun deyildim.

 

- Baş məşqçiniz Kaxaber Sxadadze sizin əsas probleminizin psixoloji durumla bağlı olduğunu bildirib. Onunla razılaşırsınız?

- Bunu hər söhbətimizdə də, məşq prosesində də mənə deyir. Həqiqətən də elədi. Zədəmi hər dəqiqə xatırlayıram. Bəzən məşq edən zamanı özümü narahat hiss edəndə zədəmin yenidən yaşayacağımı xatırlayıram. Artıq bunun qorxusundan növbəti addımı atmağa tərəddüd edirsən.  

 

0