Rahid Əmirquliyev “Neftçi”yə ismarış göndərdi - MÜSAHİBƏ
21.11.2014 - 12:37
Rahid Əmirquliyev “Neftçi”yə ismarış göndərdi - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XII turunda “İnter”ə 1:3 hesabı ilə uduzmaqla, cari mövsümdə 5-ci məğlubiyyətini alan “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

- Niyə məğlub oldunuz?

- Çətin oldu. Bunu əvvəlcədən də bilirdik. Hər şeyi nəzərə alıb, yaxşı hazırlıq keçmişdik. “İnter”in oyununu təhlil etmişdik. Kobud səhvdən qapımızda ilk qolu gördük. İkinci hissədə isə üstünlük tamamilə tərəfimizdə idi. Amma 2 top fərqi ilə geri düşdüyümüzdən, fərqi aradan qaldırmaq çətin idi.

 

- Müdafiə xətti hər oyunda kobud səhvlər buraxır. Komanda niyə toparlana, problemlərini yoluna qoya bilmir?

- Səhvlərimizi kiminsə üstünə atmaq istəmirəm. Razıyam, səhvlərimizdən qollar buraxırıq. Gərək bundan nəticə çıxaraq.

 

- İndiyə qədər niyə nəticə çıxarmamısınız?

- Öz aramızda danışırıq, təhlillər aparırıq. Ancaq hələlik düzəlmir. İnşallah, qarşıdakı oyunlarda bunları aradan qaldıracağıq.

 

- Qarşılaşmadan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin ədəbsiz jestini gördünüzmü?

- Açığı, həmin hərəkəti görmədim. Bu cür hərəkət eləyibsə, düzgün etməyib. Əcnəbi məşqçidi, işlədiyi ölkənin adətlərinə hörmətlə yanaşmalıdı. Lənkəranda biz də onları məğlub etmişdik. Onlara qarşı hansısa qeyri-etik jest elədik? Etmərik də.

 

- Qeyri-sabit nəticələrinizi kimin ayağına yazaq? Baş məşqçinin səhvləri hansılardı? Berti Foqts haqda da heç kim danışmırdı. Amma almaniyalı mütəxəssisin istefasından sonra millinin üzvlərinin dili açıldı və onu tənqid eləməyə başladılar...

- Hər şeyi baş məşqçinin üstünə atmaq olmaz. Uduzuruqsa, komandanın ayağına yazılmalıdı. Deməli, səhvlər etmişik ki, qələbə qazana bilməmişik. Bu oyunu artıq unutmalıyıq.

 

- Qarşıda əzəli rəqibiniz “Neftçi” ilə görüş var. Bu oyunla onları məğlub edə biləcəksiniz?

- Bu o demək deyil ki, “Neftçi”yə qarşıda belə oynayacağıq. Xeyr, həmin oyun tam fərqli olacaq.

 

0