Junior Nildo: Azərbaycan futboluna ağır zərbə olacaq - MÜSAHİBƏ
21.11.2014 - 13:01
Junior Nildo: Azərbaycan futboluna ağır zərbə olacaq - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XII turunun “Xəzər Lənkəran”la oyununda qol sevincini qeyd edərkən cənublu azarkeşlərin etirazı ilə qarşılaşan “İnter” klubunun hücumçusu Junior Franko Nildonun apasport.az saytına müsahibəsi

 

- Vacib qələbə qazanmaqla, turnir cədvəlinin üçüncü pilləsinə yüksəldiniz. Hesabı açdığınız oyunla bağlı nə deyə bilərsiniz?

- Həqiqətən də komandamız yaxşı başladı və oyunu yüksək səviyyədə keçirdi. Çünki son həftədə ağır məşqlər keçdik. Rəqibimizin güclü olduğunu bilirdik. Baş məşqçi də bizim söhbətində 3 xalın vacib olduğunu bildirmişdi. Biz də vacib olanı əldə etdik.

 

- “Xəzər Lənkəran” sabiq komandanız olduğu üçün ola bilərmi ki, daha istəkli mübarizə apardınız? Həm də qolun sevincini yaşadığınız zaman azarkeşlər sizə qarşı psixoloji təzyiq etməyə çalışırdı...

- “Xəzər Lənkəran”da yaxşı günlərim olub. Bu kluba və azarkeşlərinə hörmətlə yanaşıram. Artıq “Xəzər Lənkəran”la yox, “İnter”lə bağlılığım var. Addım-addım formamı bərpa etməyə və inkişaf etməyə çalışıram. Yəni, mənim üçün keçmiş deyil, bu gün hansı klubda oynamağım vacibdi.

 

- Yeri gəlmişkən, komandaya yeni hücumçunun cəlb ediləcəyi bildirilir. Bunun oyununuza təsiri ola bilərmi?

- Buna görə narahat deyiləm. Əksinə, yaxşı hücumçu “İnter”ə kömək edəcək. Biz komandayıq və uğur qazanmaq istəyirik. İlk “11-lik”də mövqeyimi itirməklə bağlı hansısa qorxum, narahatçılığım yoxdu.

 

- Son oyunlarda komandanızın qol vura bilməməsi sizi narahat etmirdi?

- Qarşılaşdığımız komandaların hər birinə hörmətlə yanaşırıq. Bəli, 4 oyundur qol vura bilmirdik. Futbolda belə hallarla da qarşılaşırıq. Bunun konkret səbəbi yoxdu. Biz hər gün məşqlərimizi edirik. Baş məşqçi müxtəlif tapşırıqlar verir ki, biz də onları yerinə yetiririk.

 

- “Araz Naxçıvan” Premyer Liqada mübarizə aparmaqdan imtina edib. Bu vəziyyətlə bağlı nə deyə bilərsiniz?

- Bundan kim itirəcək? Təbii ki, Azərbaycan futboluna ağır zərbə olacaq. Bizim üçün elə də ciddi fərq etməyəcək. Hər həftə bir komanda dincələcək. Lakin ölkə futbolu bundan çox şey itirəcək.

 

0