İnnosent Emeqara: Hakim səhv edibsə, bu, onun problemidi - MÜSAHİBƏ
21.11.2014 - 13:07
İnnosent Emeqara: Hakim səhv edibsə, bu, onun problemidi - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XII turunda “Bakı” üzərində 4:2 hesablı qələbə qazanan “Qarabağ”ın hücumçusu İnnosent Emeqaranın apasport.az saytına müsahibəsi

 

- Qazanılan qələbə haqqında nə deyə bilərsiniz?

- Maraqlı və gərgin qarşılaşma alındı. Hesabda iki dəfə önə çıxsaq, rəqib cavab qolları vura bildi. Amma son dəqiqələrdə fərqlənməklə oyunun taleyini həll etdik. Fikrimcə, azarkeşlər zövq aldılar. Həm də qələbə bizim üçün lazımlı idi.

 

- Vurduğunuz 3-cü qol mübahisəli idi. Bu barədə nə deyə bilərsiniz?

- Bu barədə danışmaq istəmirəm. Hakim hər şeyi görürdü. Onun qərarlarına hamımız hörmət etməliyik. Fikrimcə, “Qarabağ” bu gün qələbəyə layiq idi. Hakim səhv edibsə, bu, onun problemidi.

 

- “Araz Naxçıvan”ın dağılmasına görə hesabınızdan xallar silinmişdi və 2-ci pilləyə düşmüsünüz...

- Biz indi turnir cədvəlindəki mövqeyimiz haqqında düşünmürük. Sadəcə, hər oyunda qələbə qazanmaq haqqında fikirləşirik.

 

- Bu oyunda 2 qol vurdunuz. Demək olar ki, uyğunlaşma prosesini tez keçdiniz?

- Komandada olan ab-hava, yüksək əhval-ruhiyyə buna kömək etdi. Artıq komandaya uyğunlaşmışam. Digər tərəfdən də hücumçuyam və vəzifəm də qol vurmaqdı.

 

- Növbəti turda doğma meydanda AZAL-ı qəbul edəcəksiniz...

- Həmin oyunda da qalib gəlməyə çalışacağıq. Doğma meydanda oynayırıq. 3 xal qazanmaq istəyirik.

 

- Razısınız ki, hazırda “Qarabağ” AZAL-la oyundan çox Avroliqanın qrup mərhələsinin IV turunda “Sent-Etyen”lə səfər oyununu düşünür?

- Fikrimcə, yox. Hər matçın öz əhəmiyyəti var. AZAL-la matç da bizim üçün Avroliqa qədər önəmlidi. Çempionatda da nəticə qazanmaq lazımdır. Növbəti turun oyunundan sonra Avropa Liqasını düşünəcəyik.  

 

 

0