Elnur Əşrəfoğlu: Dişlərini ağardıb, “hırıldıya-hırıldıya” üzümə baxdı - QALMAQAL
21.11.2014 - 13:55
Elnur Əşrəfoğlu: Dişlərini ağardıb, “hırıldıya-hırıldıya” üzümə baxdı - QALMAQAL

“Düzdü, komandamızın “Simurq”a uduzmasının səbəbkarı yalnız hakimlər deyil. Futbolçular da zəif oynadılar. Artıq qarşılaşma başa çatıb, məğlub olmuşuq, amma mənə qəribə gələn Xaqani Məmmədovun uşaq kimi sevinməsi idi. Görüşdən sonra mənimlə üz-üzə gəldi. Dişlərini ağardıb, “hırıldıya-hırıldıya” üzümə baxdı. Sanki, toy-bayramdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”də müşavir vəzifəsində çalışan Elnur Əşrəfoğlu deyib.

 

Topaz Premyer Liqasının XII turu çərçivəsində Zaqatalada “Simurq”a uduzan “Neftçi” rəsmisi ilə AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xəqani Məmmədov arasında qalmaqal yaranıb. Əşrəfoğlu əməkdaşımızla söhbətində bildirib ki, HK sədrinin Zaqatalaya səfərində marağı olub: “Onun Zaqatalaya səfərində məqsəd “Neftçi”nin uduzdurulmasına hesablanmışdı. Baş hakim Fariz Yusifova xüsusi tapşırıqlarını verirdi. Bilirsiz, Məmmədov VII turda “Neftçi” və “Qarabağ” arasındakı qarşılaşmaya gəlməmişdi. Halbuki, həmin turun mərkəzi oyunu idi, Bakıda keçirilirdi. Bəs indi necə olur ki, Bakıdakı oyuna getmir, amma 500 km məsafə qət edib, Zaqatalaya gedir. Bir balaca “butka”da gizlənib, “radiomikrafonla” öz referilərinə tapşırıq verir”.

 

“Neftçi” rəsmisinin fikrincə, Məmmədov Hakimlər Komitəsinin sədri kimi işinin öhdəsindən gələ bilmir.

 

“XII turda 4 oyun keçirilib və hamısında hakimlərdən narazılıq var. Deməli, Məmmədov işinin öhdəsindən gələ bilmir. Azərbaycanda mənə elə peşə sahibi deyin ki, 90 dəqiqədən sonra 800 manat pul alsın. Hakimlər isə bunu qazanırlar. Əvəzində isə futbolumuzun inkişafına kölgə salırlar. Özlərini yığışdırmalıdırlar. Fariz Yusifov kimi təcrübəli hakimin idarə etdiyi oyuna niyə gəlir ki?” – deyə, Əşrəfoğlu bildirib.

 

Əşrəfoğlu həmçinin bildirib ki, qalmaqala səbəb Məmmədovun təhqiramiz ifadələr işlətməsidi: “Öncə Məmmədov özündən çıxdı, ən təmiz adamlar haqqında təhqiramiz ifadələr işlətdi. Cavabını da həmən aldı. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bütün olanlara baxıb, tədbir görməlidi”.

 

Əldə etdiyimiz məlumata görə, Məmmədovla qalmaqal zamanı “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov Əşrəfoğluna sakit olmağı məsləhət görüb: “Bilirsiz, Məmmədov klubun vitse-prezidentidi. Belə bir məsəl var: Su girdi qaba, oldu içməli. Elnur Məmmədov da “Neftçi”nin hüquqlarını müdafiə etməlidi. Mənə də onu dedi ki, biz Məmmədovu təhqir etməklə deyil, başqa yolla etirazımızı bildirərdik”.

0