Azərbaycan çempionu üçün qisas və təsəlli
21.11.2014 - 14:45
Azərbaycan çempionu üçün qisas və təsəlli

Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun 2014/15 mövsümündə son matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, elit-raundun III turunda Çexiyanın “Xrudim” klubu ilə görüşəcək təmsilçimiz tarixində 2-ci dəfə bu rəqiblə görüşəcək.

 

2011-ci il noyabrın 18-də baş tutan əvvəlki dueldə “Araz” məğlub olmuşdu. Bu üzdən bugünkü görüş 3:4 hesablı məğlubiyyətin revanşı xarakteri daşıyacaq. Naxçıvanlılar qisası rəqibinin meydanında almalıdı.

 

Komandamız qalib gəlsə də qrupdan çıxa bilməyəcək. Amma çempionumuz qalib gəlməlidir ki, antirekorda imza atmasın. Çünki tarixinin 10-cu mövsümünədək “Araz” heç vaxt yarışı qələbəsiz tərk etməyib.  Bu dəfə isə təmsilçimizin hesabında yalnız 2 məğlubiyyət var.

 

Düzdü, 2006/07 mövsümündə elit-raund, 2009/10 mövsümündə isə “Dördlər finalı” qələbəsiz başa çatıb. Lakin həmin mövsümlərdə “Araz” qələbə sevinci yaşamağı bacarıb. Təmsilçimiz buna əvvəlki mərhələlərdə nail olub.

 

Çexiyalılarla görüş həm də Tino Peresin yetirmələrinin qrupdakı mövqeyinə aydınlıq gətirəcək. Çempionumuz təsəlli qələbəsini qazanmasa, IV yerdə qalacaq. Əldə olunacaq 3 xal isə sonuncu pillədən qurtulmaqla nəticələnəcək. “Araz” qalib gəlməyi bacarsa, ən azı “Xrudim”i qabaqlayacaq. Rusiya “Dina”sı ilə Slovakiyanın “Slov-Matik” klubu arasında görüşün nəticəsi naxçıvanlıları 2-ci pilləyə də daşıya bilər.

 

Qeyd edək ki, “Araz” – “Xrudim” oyunu  Bakı vaxtı ilə 21:00-da başlayacaq.

0