Nildo Səlahət Ağayevi saxladı
21.11.2014 - 16:04
Nildo Səlahət Ağayevi saxladı

“Xəzər Lənkəran”la Topaz Premyer Liqasının XII turunun oyununda qarşılaşan Bakının “İnter” klubu 4 seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi VI turun sentyabrın 19-dakı matçında “Bakı”nı 7:0 hesabı ilə məğlub etmişdi. 62 gündən sonra qalib gələn Kaxaber Sxadadzenin yetirmələri son 4 qarşılaşmanı qolsuz bitirmişdi. VII turun sentyabrın 27-dəki görüşündə AZAL-la heç-heçə edən (1:1) “İnter” 54 gündən sonra qollu matçın iştirakçısı oldu.

 

Həmin oyunun 4-cü dəqiqəsində Kərim Diniyevin qoluna üzülən Səlahət Ağayev 4 “quru” matçdan sonra Fernando Qabrielin uzatma dəqiqələrində fərqlənməsinin qarşısını ala bilmədi. Beləliklə 535 “quru” dəqiqə  keçirən qolkiper mövsümün rekorduna imza atdı.

 

Paytaxt təmsilçisinin özü AZAL-la oyunun 76-cı dəqiqəsindən sonra ilk dəfə qol vurub. Mikel Alvaronun həmin qolundan 384 dəqiqə sonra Junior Nildo fərqlənib.

0