[b]HK sədri “Xəzər Lənkəran” və “Bakı”nın iddialarına cavab verdi[/b]
21.11.2014 - 17:44
[b]HK sədri “Xəzər Lənkəran” və “Bakı”nın iddialarına cavab verdi[/b]

“İnter” – “Xəzər Lənkəran” oyunundakı mübahisəli epizoda baxdım. Həqiqətən də, Səlahət Ağayev cərimə meydançası xaricində topa əllə toxunmuşdu”. Bunu apasport.az saytına açıqlamasında Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov deyib.

 

Topaz Premyer Liqasının XII turunda baş verən hakim səhvləri haqqında fikirlərini açıqlayan Məmmədov öncə “İnter” – “Xəzər Lənkəran” görüşünə toxunub.

 

“Rəhim Həsənov həmin epizodu görmədi. Belə epizodları görmək hakimlər üçün çox çətindi. Hakim də insandı, səhvləri olur. Bu da elə səhvdi ki, heç kim onu qərəz adlandıra bilməz. Sadəcə, Həsənov qapıçının əllə oynadığını görmədi. Amma bu oyunun nəticəsinə təsir edən səhv deyildi” – deyə, Məmmədov bildirib.

 

HK sədri “Bakı” - “Qarabağ” (2:4) qarşılaşmasından sonra meydan sahiblərinin ağdamlıların vurduğu 3-cü qolda qayda pozuntusunun olmasına dair iddialarına da cavab verib: “Bu qol tamamilə qaydalar çərçivəsində vurulub. Hesab edirəm ki, meydan sahiblərinin iddiası əsassızdı”.

 

“Bakı”nın baş məşqçisi İbrahim Uzuncanın hakimlərə hücum çəkməsinə gəlincə, Məmmədov bunu onun emosional olması ilə əlaqələndirib: “O, çox emosionaldı. “Bakı”nın oyunlarına baxsanız görəcəksiniz ki, Uzunca 1 dəqiqə olsun belə rahat dayanmır. Daim hərəkət edir. Əsəbləri sakit olandan sonra isə normal birinə çevrilir. Fikrimcə, onun hakimlərə hücum çəkməsi də emosional olması ilə əlaqədardı”.

0