Flavinyo limitə etiraz edib, Kanalesin müdafiəsinə qalxdı - MÜSAHİBƏ
22.11.2014 - 11:58
Flavinyo limitə etiraz edib, Kanalesin müdafiəsinə qalxdı - MÜSAHİBƏ

“Neftçi”nin kapitanı Flavinyonun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran”la üz-üzə gələcəksiniz. “Böyük oyun”a hazırsınız?

- “Xəzər Lənkəran” həmişə “Neftçi” üçün çətin rəqib olub. Boş yerə bu iki komanda arasında baş tutan qarşılaşmalara “Böyük oyun” demirlər. Bu dəfə də gərgin və maraqlı qarşılaşma olacağına inanıram. Ümid edirəm ki, qələbəni biz qazanacağıq.

 

- Lənkəran şəhər stadionu təmir olunduğundan qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Oyunun Bakıda keçirilməsi “Neftçi”nin qalib gəlmək şansını artırır?

- Fikrimcə, yox. Əgər matç Lənkəranda baş tutsaydı da, biz ora qələbə dalınca gedəcəkdik. Həm də qarşılaşmanın paytaxtda oynanılmasının heç bir fərqi yoxdu. Yəni bunu bizim üçün üstünlük saymaq düzgün deyil. Rəqib də 3 xal üçün meydana çıxacaq.

 

- Hesabat turunda Zaqatalada “Simurq” 0:1 hesabı ilə uduzdunuz...

- Biz onlara qarşı çox zəif çıxış etdik. AZAL-la oyundakı kimi özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Fikrimcə, hakim də qələbə qazanmağımıza mane oldu.

 

- “Neftçi”nin zəif çıxışına səbəb nə idi?

- Onu deyə bilmərəm. Futbolda həmişə istənilən səviyyədə oynamaq olmur. Bəzən zəif də çıxış edirsən. Hər zaman qalib gəlmək də mümkün deyil. “Simurq”la oyunda bizdə alınmadı və məğlub olduq.

 

- Qapınıza təyin olunan penaltilərə görə hakimdən narazısınız?

- Əmin olduğum bir şey var ki, hakim bizim penaltilərimizi vermədi. 2 dəfə rəqib cərimə meydançasının daxilində bizim futbolçulara qarşı kobud oynadı. Amma referi 11 metrlik cərimə zərbəsi təyin etmədi.

 

- Komandanın kapitanısınız və deyilənə görə Zaqataladakı oyunun fasiləsində “Neftçi”nin futbolçuları Elvin Yunuszadə və Ernest Nfor arasında problem yaşanıb. Onlara irad bildirdiniz?

- Futbolda belə xırda şeylər olur. Kiçik söhbətləri böyütmək lazım deyil. Elvin də, Nfor da bizim üçün vacib oyunçulardı.

 

- Ümumiyyətlə, “Simurq”la qarşılaşmada və oyundan sonra baş verən qalmaqalların səbəbi nə idi?

- Bu barədə heç nə danışmaq istəmirəm. Yəqin ki, məğlubiyyətə görə hər kəs emosional olub.

 

- Nikolas Kanales “Neftçi”yə qayıtmamışdan öncə demişdiniz ki, o gəlsə, hücum xətti düzələcək. Amma sizin düşündüyünüz kimi olmadı...

- Mən sizinlə razı deyiləm. İlk növbədə Topaz Premyer Liqasında olan legioner limiti əcnəbi futbolçuların oynamasına imkan vermir. Kanales AZAL-a qarşı 35 dəqiqə oynadı və 2 qol vurdu. Fikrimcə, ona lazımi şans verilsə, yenə də fərqlənəcək.

 

Elsevər MƏMMƏDOV

 

0