[b]Asim Xudiyev: Yunis Hüseynov mahnı oxuyanda...[/b] - ƏNLƏR
22.11.2014 - 14:28
[b]Asim Xudiyev: Yunis Hüseynov mahnı oxuyanda...[/b] - ƏNLƏR

Apasport.az saytı daha bir rubrikaya start verir. Bu rubrikada tanınmış futbol adamlarının "ənlər"ini sizə təqdim edəcəyik. İlk qonağımız "Neftçi"nin veteran futbolçusu, Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyevdi.

 

- Ən gözəl oyununuz...

- "Neftçi"də ev oyunlarının əksəriyyətində qələbə qazanırdıq. Yadda qalan bir neçə oyun var. Onlardan biri 1982-ci ildə Moskva "Spartak"ı ilə oyun idi. Həmin matçda öz meydanımızda 4:3 hesablı qələbə qazanmışdıq. Moskvada məşqçilər məktəbinin seminarlarında həmin görüşü nümunə kimi göstərmişdilər.

 

- Ən çox sevindiyiniz və üzüldüyünüz oyun...

- Qalib gəldiyimiz hər bir oyundan sonra çox sevinirdik. Dostlarımızla, ailəmizlə bunu qeyd edirdik. Amma Tiflisin "Dinamo" və Yerevanın "Ararat" klubu üzərində Bakıda qazandığımız qələbənin önəmi daha böyük idi. Həmin vaxt 2-3 gün bunu bayram kimi qeyd etmişdik.

 

- Tanıdığınız ən yaxşı futbolçu...

- Azərbaycan futbol tarixində bir neçə ulduz futbolçu olub. O futbolçuları həm görmək, həm də onlarla çiyin-çiyinə oynamaq, məşq etmək imkanım olub. Anatoli Banişevskinin yeri ayrıdı. 1977-ci ildə "Neftçi"yə dəvət olunduqdan sonra iki il onunla birlikdə oynamaq imkanım oldu. Həmçinin İsgəndər Cavadov da möhürünü qoymuş futbolçulardan olub.

 

- Ən yaxşı məşqçi...

- Əhməd Ələsgərov. Gənclərə yaxşı motivasiya verməyi bacarırdı, komandanı oyunlara yaxşı kökləyirdi. Ağasəlim Mircavadov və Ruslan Abdullayevi də qeyd etmək istəyirəm. Həmçinin əvəzedici heyətin baş məşqçisi Anatoli Qryaznı da çox savadlı idi.

 

- Ən zəif məşqçi...

- 1979-cu ildə "Neftçi"yə gələn İqor Netto. Bu adam Azərbaycan futboluna lazımsız məşqçi idi. Ondan başqa 1985-87-ci illərdə "Neftçi"yə gələn bir neçə əcnəbi məşqçi də bizim futbola layiq deyildi.

 

- Ən zəif futbolçu...

- "Neftçi"nin formasını geyinən futbolçular hazır oyunçular olub. Kimsə digərlərindən bir az güclü ola bilərdi. Amma komandada olan hər bir kəs bu formanı geyinməyə layiq idi.

 

- Ən zarafatcıl futbolçu...

- Maşallah Əhmədov. Onunla dostluğumuz indiyə kimi davam edir. Məşqlərdən əvvəl, sonra hansısa bir tədbirdə onsuz vaxtımız ağır keçirdi. Kollektivi özünə cəlb etməyi bacarırdı.

 

- Ən qaraqabaq futbolçu...

- Mərhum futbolçu Rəşid Özbəyov. Çox ünsiyyət qurmazdı, təmkinli idi, zarafatı sevməzdi.

 

- Ən yaxşı və ən pis səsi olan...

- Yunis Hüseynovun mahnı oxuyarkən yaxşı səsi olduğunu bilirəm. Digərləri buna cəhd etmirdilər. Ümumiyyətlə, bizim dövrün oyunçuları poeziya ilə, ədəbiyyatla maraqlanırdılar. Dünyada baş verən hadisələri qəzetlər vasitəsilə öyrənirdik. Hər səhər məşqə gedəndə qəzet alardıq. Bizim nəsil təhsilə böyük önəm verərdi. Şəxsən mən iki universitet bitirmişəm.

 

- Ən yaxşı geyinən futbolçu...

- Bizim futbolçuların əksəriyyəti gündəlik dəblə ayaqlaşırdı. İstər Bakıda, istərsə də səfərdə olarkən vaxt tapan kimi alış-veriş mərkəzlərinə gedirdik. Təbii ki, geyiminə xüsusi diqqət yetirənlər də var idi. Bunlar Rəşid Özbəyov və İsgəndər Cavadov idi.

 

- Ən çox bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətiniz...

- İnsanlarla ünsiyyət qura bilirəm və bu xüsusiyyətimi xoşlayıram. Tanıdım-tanımadım hər kəsə inanmağım isə bəyənmədiyim xüsusiyyətimdi.

 

- Başınıza gələn ən yaddaqalan hadisə...

- Bir dəfə Moskvadakı Domodedovo hava limanında yanğına düşmüşdük. Moskvadan Vilnüsə uçmalı idik. İki reys arasında 5-6 saat vaxt var idi. Bizi bir zala aparmışdılar ki, həmin 5-6 saatı orada dincələk. Gecə idi, uşaqların da çoxu yatmışdı, hər tərəfi tüstü bürümüşdü. Amma yanğınsöndürənlərin köməkliyi ilə oranı tərk edə bildik. Aşağı düşəndə gördük ki, hava limanının qarşısında ən azı 30 yanğınsöndürən maşın var.

 

- Bakını digər şəhərlərdən fərqləndirən ən böyük cəhət...

- Bakının yeri ayrıdı. Biz xaricə yollananda bura üçün çox darıxırdıq, tez qayıtmaq istəyirdik. Dənizkənarı parkı, istiqanlı insanlarımız xüsusidi. Bakının yeganə oxşarı İtaliyanın Neapol şəhəridi. Onları qardaş şəhərlər adlandırmaq olar. 1977-ci ildə komanda ilə bir həftəlik Neapola getmişdik. Dedilər ki, burada da dağüstü park var. Dağüstü parka çıxdıqdan sonra bizim dənizkənarı parkın eynisini gördük. Bir anlıq elə bildik ki, Bakıdayıq.

 

- Hobbiniz...

- Ancaq futbol.

 

0