Zaur Əzizov: Yeni transferlərimizin səviyyəsi çox aşağıdı - MÜSAHİBƏ
23.11.2014 - 22:15
Zaur Əzizov: Yeni transferlərimizin səviyyəsi çox aşağıdı - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turu çərçivəsində öz meydanında “Simurq”a 2:3 hesabı ilə uduzan “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Nəticə ilə bağlı nə düşünürsünüz?

- Doğma meydanda məğlubiyyət bizim üçün arzuolunmazdı. Rəqibin hansı komanda olmasından asılı olmayaraq, bu, belədi.

 

- Niyə sabit nəticə qazana bilmirsiniz? “Simurq”a məğlubiyyətin əsas səbəbi kimi nəyi qeyd edərdiniz?

- Onsuz da mövsümün əvvəlindən bu yana komandanın ifasında gözlədiyimiz oyunu görə bilmirik. Düzdü, müəyyən qədər irəliləyiş var, ancaq əsas rəqiblərlə oyunlarda qələbəyə həsrətik.  

 

- Baş məşqçi ilə bu haqda danışığınız olubmu: O, bunun səbəbini necə izah edir?

- Əsas səbəb odu ki, mövsümün əvvəlində komandaya dəvət etdiyimiz futbolçular özlərini göstərə bilmirlər. Karyeralarına baxdıqda, hər biri tanınmış, uğur qazanmış futbolçulardı. Amma bu gün oyunları gözləniləndən çox-çox uzaqdı. Futbolçularla mütəmadi danışırıq. Çox təəssüf ki, bizi qane edən cavab da ala bilmirik. Artıq adaptasiya dövrünü də səbəb kimi göstərmək olmaz. Çünki bu 3-cü, 4-cü oyun deyil, mövsümün demək olar yarısını geridə buraxmağa hazırlaşırıq. Baş məşqçi deməsə də, özümüz də görürük ki, ötənilki lider futbolçularımızı əvəzetmək məqsədi ilə transfer olunan oyunçuların səviyyəsi çox aşağıdı.

 

- Belə çıxır ki, heyətə əl gəzdirəcəksiniz?

- Komandanın onsuz da gücləndirilməyə ehtiyacı var. Qış transfer dövründə bunu edəcəyik. Əgər iyunda komandaya qoşulan futbolçu noyabrda öz oyununu nümayiş etdirə, ondan gözləniləni verə bilmirsə, hansısa tədbirlər görüləcək.

 

- Bütün günah futbolçulardadı? Baş məşqçidə heç bir günah yoxdu?

- Baş məşqçi ilə olan müzakirələrimizi mətbuata tam təfsilatı ilə açıqlaya bilmərik. Amma o da etiraf edir ki, filan yerdə səhvlərim olub. Bunu biz də görürük.

 

- Komanda daxilində qruplaşmaların olduğu deyilir. Yeni gələnlərlə əvvəlki futbolçular arasında belə şeylər varmı?

- Hər zaman komandanın yanındayam. Bunu hiss etsəydim, baş məşqçi ilə söhbətimiz olardı. Məsələn, ötən il bir yerdə oturan futbolçular yenə də birgədirlər. Buna qruplaşma demək düzgün olmazdı. Bu ən sonda fikirləşəcəyimiz mövzudu. Hələlik narahatçılığımız yoxdu.

 

- “Araz Naxçıvan”ın çempionatdan imtinasından sonra ən çox zərbə “Qəbələ”yə dəydi. Aktivinizdən 6 xal silindi. Ola bilərmi, bu futbolçulara psixoloji zərbə vurub?

- Olmamalıdı. Razıyam, biri var liderdən 1-2 pillə geri olasan, bir də var səhər açılır və baxırsan ki, orta sıralara yuvarlanmısan. Ancaq uğursuz oyunları sırf bununla da bağlamaq olmaz. Futbolçu peşəkar müqaviləyə imza atırsa, bütün oyunlara da eyni cür hazırlaşmalı, komandanın uğur qazanmasına çalışmalıdı.

 

- Hadisələr bu cür davam etsə, baş məşqçinin göndərilmək ehtimalı varmı?

- Baş məşqçi ilə bağlı qərarları rəhbərlik verir. Bugünkü gündə baş məşqçinin istefası gündəmdə deyil. Əksinə, toparlanmalı, komandanı yüksək yerlərə daşımalıyıq. Ardıcıl 4-5 oyunluq məğlubiyyət olsa, müəyyən tədbirlər görüləcək.

 

 

 

 

0