“Kayserispor” rəsmisindən AFFA-ya məsləhət: Prosineçki hər an istefa verə bilər!
24.11.2014 - 12:50
“Kayserispor” rəsmisindən AFFA-ya məsləhət: Prosineçki hər an istefa verə bilər!

“Robert Prosineçki yeni gələndə komandamız normal çıxış edirdi. Çempionatın ikinci yarısında isə ardıcıl bir neçə oyunda uduzduq. Prosineçki bu səbəbdən komandadan ayrılmaq istədi. Heç bir problem yaratmadan istefa verdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Kayserispor” klubunun idman direktoru Hasan Hüseyin Abız deyib.

 

Abız 2012-2013-cü illərdə Kayseri təmsilçisinin baş məşqçi olmuş, hazırda yığmamızın “sükanı arxası”na keçməyə ən real namizəd olan Robert Prosineçki haqqında danışıb.

 

Onun sözlərinə görə, əgər bu keçid reallaşarsa, xorvatiyalı mütəxəssis Azərbaycanda uğur qazana bilər: “Əgər Azərbaycanda ona dəstək verilərsə, uğur qazanmaq gücündədi. Çox yaxşı insandı. Futbolçularla necə davranmaq lazım olduğunu yaxşı bilir. Nə lazımdırsa, onu edən, işini görən biridi. Sərt insan deyil. Amma hər şey təkcə məşqçidən asılı deyil. Elə yerlər var ki, orda sərt olsan yaxşıdı, elə yerlər də var ki, orada mülayim davranmaq lazımdı. Həm də uğur qazanmaq bir az da şans məsələsidi. Əgər mühit yaxşı olarsa, fikrimcə, Prosineçki nəticə verə bilər. Ümumi deyim ki, yaxşı məşqçidi”.

 

Hasan bəy xorvatiyalı mütəxəssisin “Kayserispor”da niyə möhkəmlənə bilmədiyini də açıqlayıb: “Bilirsiniz, komandamız uğursuz çıxış etməyə başladı və o dedi ki, burada dəyişiklik olmalıdı. Biz ona israrla davam etməsini istədiyimizi desək də, razılaşmadı. “Mən komandaya heç nə verə bilmirəm” deyib getdi. Yəni, işlədiyi komanda uğursuz çıxış edərsə, istənilən an istefa verə bilər. Əgər “Qalatasaray”da Çezare Prandellinin yerinə Rober Prosineçki olsaydı, çoxdan klubdan ayrılmışdı. Prandelli dünyada tanınmış məşqçidi və çempionatda uğursuz çıxış edir. Demək olar ki, hər matçda 3-4 qol “yeyir”, amma istefa vermir. Prosineçkidə isə belə bir xarakter yoxdu. Biz də həmin vaxtlar bir az zəif çıxış etdik. O da getdi. Bizdə çox məşqçilər oldu. Nə qədər komanda pis çıxış etsə də, getmək istəmirdilər. O isə “mən bacarmadım” deyib gedər”.

 

“Kayserispor”un idman direktoru Prosineçkinin millimizdə işləmək qarşılığında AFFA-dan nə qədər məbləğ tələb edə biləcəyinə də aydınlıq gətirib: “O, Azərbaycan millisində çalışmaq üçün 1 milyon da, 2 milyon da tələb edə bilər. Bu məbləğ onlar üçün normaldı”. 

0