AFFA İcraiyyə Komitəsinin üzvü: Qoy, Prosineçkini Bakıya dəvət edənlər danışsın!
24.11.2014 - 14:11
AFFA İcraiyyə Komitəsinin üzvü:  Qoy, Prosineçkini Bakıya dəvət edənlər danışsın!

“Robert Prosineçkinin hazırda Bakıda olmasından, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcəyindən xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev deyib.

 

Veteran futbolçu Azərbaycan yığmasının baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçkinin mümkün təyinatına münasibət bildirmək istəməyib.

 

Tuayev hazırda Bakıda olan xorvatiyalı mütəxəssisin məşqçilik fəaliyyətini izləmədiyini bildirib: “Qoy, onu Bakıya dəvət edənlər danışsın. Prosineçki ilə danışıqlar tamamlanandan, bütün prosedurlar yekunlaşandan sonra mən öz sözümü İcraiyyə Komitəsində deyəcəm. Orada nə deyəcəyimi isə sizə açıqlamayacam. Bilirəm ki, Prosineçki yaxşı futbolçu olub. Amma onun necə məşqçi olduğunu bilmirəm. Axı mən onu izləyəsi deyiləm. Heç hansı ölkədə yaşadığını da bilmirəm. Mən özümüzünküləri izləmişəm. Anatoli Banişevski, Yuri Kuznetsovu...”.

 

Qeyd edək ki, Bakıya gələn Prosineçki bu gün “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyununu izləyəcək.

0