“İlk oyundan sonra Prosineçkiyə “çox sağ ol” deyəcəksiniz” - MÜSAHİBƏ
25.11.2014 - 00:02
“İlk oyundan sonra Prosineçkiyə “çox sağ ol” deyəcəksiniz” - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turun çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç apasport.az saytının əməkdaşı ilə söhbətində həm 2:2 hesabı ilə yekunlaşan oyun, həm də yığmamızın baş məşqçisi postunu tutmağa ən real namizəd olan Robert Prosineçki haqda danışıb.

 

- Qarşılaşmanın həddindən artıq gərgin keçməsinə səbəb nə idi?

- Matçın əvvəlində qırmızı vərəqə alaraq, azlıqda qaldıq. Bu cür görüşdə bir nəfər azlıqda çıxış etmək dərhal hiss olunur. Sonra meydandakı oyunçuların sayı bərabərləşdi. İkinci “qırmızı”dan sonra isə biz daha çox işləməli olduq.

 

- Nəticəni ədalətli saymaq olarmı?

- Əlbəttə... (bu zaman Prosineçki Saşanı görüb, ona tərəf gəlir və görüşürlər. Qolkiper sabiq baş məşqçisinə yeni işində uğurlar arzuladıqdan sonra söhbəti davam etdirir). Son dəqiqədə vurduğumuz qol bizə 1 xal gətirdi. Düzdü, ardıcıl oyunlarda xallar itiririk. Amma “Xəzər Lənkəran”la görüşdə xalla ayrılmaq hər zaman bizim üçün vacib olub. Xüsusilə, bu gün komandamız xarakter nümayiş etdirdi. Hesabda iki dəfə geri düşsək də, sonda bərabərlik qolunu vurmağa nail olduq.

 

- Ötən tur “Simurq”a uduzdunuz, bu gün isə heç-heçə etdiniz. Xal itkiləri çempion olmaq istəyən “Neftçi”yə problem yaratmayacaq?

- Hələ çox oyunda xallar itiriləcək. Çempionatı uzun marafondu. Kimin daha çox xal itirdiyi mövsümün sonunda bilinəcək.

 

- Bayaq sabiq baş məşqçinizlə görüşdünüz. Yığmamızı çalışdırmağa real namizəd olan Prosineçki haqda nə deyə bilərsiniz? Sizin onunla yollarınız  “Srvena Zvezda”da kəsişib…

- Azərbaycan yığmasını çalışdırmaq onun şəxsi işidi. Ancaq güclü mütəxəssis olduğunu deyə bilərəm. Onun rəhbərliyi altında “Srvena Zvezda”da çıxış etmişəm. Futbolçu kimi də kifayət qədər güclü olub. “Barselona”, Madrid “Real”ı kimi klublarda nəyə qadir olduğunu sübut edib. Yığmanı ona etibar etmək olar. Nizam-intizama ciddi fikir verir.

 

- Futbolçu kimi zəngin karyeraya malik olsa da, baş məşqçi kimi ciddi uğuru yoxdu. Bu narahatedici məqam deyilmi?

- Məşqçi kimi də güclüdü. İndiki məqamda ona inanmaq lazımdı. Xüsusilə də mətbuat onu dəstəkləməlidi. O, yığmanızda çalışsa, ilk oyundan sonra Prosineçkiyə “çox sağ ol” deyəcəksiniz. Yenə deyirəm, ona inanmaq və dəstəkləmək lazımdı. Ümidləri doğruldacaq məşqçidi. Yığma ilə birinci oyunundan sonra hər şeyi görəcəksiniz.

 

- Nizam-intizama fikir verdiyini dediniz. Azərbaycanlı futbolçular isə dəmir intizamı sevmirlər. Bu problem yaratmayacaq?

- Artıq neçə ildi burdayam və mentalitetinizi yaxşı bilirəm. Bu baxımdan hansısa problemin olacağına inanmıram. Əminəm ki, iş birliyi uğurlu alınacaq.

0