[b]“Neftçi” rəsmisinə 10, Sxadadze ilə Hüseynova 5 oyunluq cəza[/b]
25.11.2014 - 14:32
[b]“Neftçi” rəsmisinə 10, Sxadadze ilə Hüseynova 5 oyunluq cəza[/b]

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XII və XIII turunun oyunlarında baş verənlər müzakirə olunub.

 

Topaz Premyer Liqasının XII turunun “Bakı” – “Qarabağ” matçında meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

“İnter” – “Xəzər Lənkəran” oyununun 79-cu dəqiqəsində qonaqların azarkeşləri tərəfindən  meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimələnib. Görüş başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran”ın direktoru Yunis Hüseynov və “İnter”in baş məşqçisi Kaxaber Sxadadze  bir-birini təhqir etdiklərinə görə  hər ikisi 5 oyun cəzalanıb və klublarını 5000 manat ziyana salıblar.

 

“Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra qonaqların rəsmisi Elnur Əşrəfoğlu Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etdiyinə və bu hərəkətini kütləvi informasiya vasitələrində də davam etdirdiyinə görə ağır cəza alıb. Klub rəsmisinin 10 oyunluq stadiona girişinə qadağa qoyulub, klub 20 000 manat cərimələnib.

 

Topaz Premyer Liqasının XIII turunun “Qarabağ” – AZAL matçının 31-ci dəqiqəsində qonaqların qapıçısı Ruslan Məcidov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimələnib.

 

0