“Hər dəfə sübut edirik ki, “Qarabağ” güclü və böyük komandadı”
28.11.2014 - 12:52
“Hər dəfə sübut edirik ki, “Qarabağ” güclü və böyük komandadı”

“Oyunda məqsədimiz məğlub olmamaq idi. 90 dəqiqə ərzində hər kəs bacardığının ən yaxşısını etdi və qazandığımız 1 xal bizim üçün çox önəmlidir”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Riçard Almeyda deyib.

 

Braziliyalı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin V turunda Fransanın “Sent-Etyen” klubu ilə görüşü şərh edib. Almeyda bildirib ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı qrupun ən çətin görüşü adlandırmaq olar: “Rəqibin futbolçuları uzun ötürmələrlə oynamağı xoşlayırdılar. Lakin bunun lazımınca qarşısını aldıq. Müdafiədən oynamağımıza gəlincə, biz qol buraxmaq istəmədiyimizdən arxaya çəkilmişdik. Bir neçə dəfə rəqibin qapısına yaxınlaşmağa, qapıçılarının qabağa çıxmasından da istifadə etməyə çalışdıq. Amma bizim üçün əsas məqsəd kollektiv oynayıb, ən yaxşı nəticəni qazanmaq idi. Məğlub olmamaq əhəmiyyətlidi və istədiyimiz xalı əldə etdik. Artıq Bakıya qayıdıb, “Simurq”la görüş barədə fikirləşəcəyik”.

 

“Sambaçı” “Sent-Etyen”lə matçda öz oyununu da dəyərləndirib: “Təbii ki, qarşılaşma ərzində 3-4 dəfə top itirə bilərəm. Amma yeni bir mövqedə oynamağa alışıram. Ən önəmlisi, məşqçi məni haraya qoyubsa, orada da mübarizə aparmağa çalışıram”. 

 

Almeyda son turda “İnter”lə matçın əhəmiyyətindən də danışıb. O bildirib ki, növbəti mərhələyə yüksəlmək şansları bu görüşdən asılı olduğu üçün bütün güclərini səfərbər edəcəklər: “Biz “İnter”lə oyunda da əlimizdən gələnin ən yaxşısını edəcəyik. Allahın köməkliyi ilə lazımı nəticəni qazanıb, növbəti mərhələyə keçmək istəyirik. Bilirik ki, “İnter” kimi böyük komanda ilə oynamaq çətindi, amma mümkün olmayan bir şey deyil. Biz hər dəfə sübut edirik ki, “Qarabağ” avroliqada oynamağa layiq, yetərincə güclü və böyük bir komandadı”.

0