[b]“Tək Bundesliqaya yox, bəlkə La Liqaya da gedən oldu” [/b]- MÜSAHİBƏ
14.12.2014 - 22:32
[b]“Tək Bundesliqaya yox, bəlkə La Liqaya da gedən oldu” [/b]- MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVI turu çərçivəsində öz meydanında “Sumqayıt” üzərində 3:2 hesablı qələbə qazanan “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Dubl etdiyiniz görüş haqda nə deyə bilərsiniz?

- Vacib qarşılaşma idi. “Sumqayıt” ildən-ilə oyun planında inkişaf edir. Müdafiədə yaxşı təsir bağışlayır, əks-hücumlarda təhlükəli olurlar. Bu komanda ilə açıq futbol oynamaq təhlükəlidi. Onlara şans verdikcə, maksimum yararlanmağa çalışırlar. Yaxşı ki, qələbə qazandıq. Qəbələdəki məğlubiyyətindən sonra “Qarabağ”la arada olan xal fərqini azaltmış olduq. Əlbəttə, 4 gündən sonra bizi daha bir çətin oyun gözləyir. “İnter”lə matçdan da qalib ayrılmaq istəyirik. Həm də həmin matç bizim üçün ilin son qarşılaşması olacaq.

 

- Meydana ikinci hissədə daxil olsanız da, final fitinə az qalmış əvəzləndiniz. Nə baş vermişdi?

- Üçüncü qolu vuran zaman ayaq bağlarında ağrılar hiss etdim. Hesab xeyrimizə olduğundan, düşündüm ki, bu cür davam etməyə dəyməz. Çünki zədəm ağırlaşa da bilərdi.

 

- Matçın gedişində komanda yoldaşınız Karlos Kardoza ilə mübahisə etdiniz. Səbəbi nə idi?

- Meydanda əsəblər tarıma çəkilir. Amma Karlos məndən böyük olduğu üçün ona cavab qaytarmamalı idim. Paltardəyişmə otağında söhbət etdik və bir-birimizi başa düşdük. Gənc olduğuma görə, o cür etməməli idim.

 

- Qarşılaşmanı izləyənlər arasında millinin baş məşqçisi Robert Prosineçki də var idi. Fasilədən sonra millinin təlim-məşq toplanışı keçiriləcək. Dubl etdiyinizi nəzərə alsaq, sizə dəvət göndərəcəyinə ümid edirsinizmi?

- Əvvəla onu baş məşqçi təyin edilməsi münasibəti ilə təbrik edirəm. Onun oyunu izlədiyini bilirdik. Bu da bizim üçün bir motivasiya idi. İnşallah, dəvət ediləcəyimə ümid edirəm.

 

- “Neftçi”nin gənc qapıçısı Emil Balayev Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt” klubuna transfer olunub. Bu sizin üçün əlavə motivasiya ola bilərmi?

- Emilin böyük kluba transfer olunmasına şad olduq. Bu cür hadisələr gənc futbolçulara təsir edir. Əlavə motivasiya verir, üzərimizdə çox çalışmağa sövq edir. Tək Bundesliqaya yox, bəlkə La Liqaya da gedənimiz oldu.

 

- Bildiyimizə görə, Almaniyadan təşrif buyurmuş skautlar da matçı izləyənlər arasında idi. Komandanıza maraq artıb. Yeni transferlər mümkündürmü?

- Əcnəbi skautların oyunlarımızı izləməsi xoş haldı. Necə olacağını zaman göstərəcək.

 

 

0