[b]Kaxaber Sxadadze: Mənə maraqlı gələn bilirsiz nədi?[/b] - MÜSAHİBƏ
17.12.2014 - 00:00
[b]Kaxaber Sxadadze: Mənə maraqlı gələn bilirsiz nədi?[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVII turu çərçivəsində sabah “Neftçi”ni qəbul edəcək “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin apasport.az saytına müsahibəsi

 

- Öncə hesabat turunda “Simurq”la qarşılaşma haqda danışardınız. Zaqatalada 1:1 hesabı ilə yekunlaşan matçda məğlubiyyətdən son saniyələrdə qaçdınız...

- Çox çətin oldu. Haqqımızda “qardaş, qardaş” deyirlər. Cari çempionatda iki dəfə qarşılaşdıq və hər iki oyun heç-heçə başa çatıb. Nəticədə 4 xal itirmişik. Üstəlik, hər iki matçdan sonra ikinci pillədəki mövqeyimiz də əldən çıxıb. Birinci hissədə hücumlarımız heç bir fayda vermədi. Fasilədə hücumu gücləndirmək üçün iki dəyişiklik etməli olduq. Meydandakı çalışqanlığımızın nəticəsi olaraq, cavab topunu vura bildik.

 

- Növbəti tur daha bir çətin oyuna çıxacaqsınız. “Neftçi” ilə görüş haqda nə düşünürsünüz?

- Həmin oyun da ağır keçəcək. “Neftçi” hər zaman təzyiq edir, maraqlı oynayır. Bu komanda hər zaman hücumlar qurur. Hazırkı vəziyyətdə qələbə hər iki komandaya lazımdı.

 

- İntizam Komitəsinin qərarına əsasən, 5 oyunluq cəzalandırılmısınız. Texniki zonada yer almamağınızın komandanızın oyununa təsiri olurmu?

- Mütləq hiss olunur. Mənə verilən cəza düzgün deyil. Çünki rəqibə qarşı heç vaxt o cür jest etmərəm. Mənə maraqlı gələn bilirsiz nədi? İndiyə qədər kimsə cəzalanmağıma səbəb olan hərəkətə yol verdiyimi mənə sübut edə bilməyib. Bu haqda heç bir sübut yoxdu.  

 

- Cəmi 2 turdan sonra çempionatda qış fasiləsi yaranacaq. Planlarınız hazırdırmı? Qış təlim-məşq toplanışını hansı ölkədə keçirəcəksiniz?

- Əlbəttə, hazırdı. Qısa müddətli istirahət edəcəyik. Hardasa 10 gün vaxtımız olacaq. Ondan sonra Antalyada təlim-məşq toplanışına başlayacağıq. Bayramdan sonra Türkiyəyə yollanıb, yanvarın 22-dək orda qalacağıq. Ertəsi gün isə Bakıya dönəcəyik. Təbii ki, hazırlıq müddətində yoxlama oyunları da keçirəcəyik.

 

- Heyətdə hansısa  dəyişiklik ediləcəkmi?

- Olacaq, maksimum 1-2 nəfər.

 

- Bu say gələnlər, yoxsa gedənləri göstərir?

- Gedənlər də olacaq, yeni futbolçularımız da. Bu dəyişiklik 1-2 nəfərlə yekunlaşacaq.

 

- Çempionatın tən yarısı geridə qalmaq üzrədi. Komandanızın çıxışını necə dəyərləndirirsiniz?

- Komandamın çıxışından çox razıyam. Bir müddət üst sıralara yüksəldik, sonra eniş yaşandı. Ardıcıl beş oyunda qələbə qazana bilmədik. Bu heç-heçələrin 4-də isə qapılara qol vurulmadı. Ümumi götürdükdə, razıyam. Hələ çempionatın yarısı irəlidədi.

 

0