[b]Prosineçki bəyəndiyi klubun və futbolçunun adını açıqladı[/b] - MÜSAHİBƏ
17.12.2014 - 11:09
[b]Prosineçki bəyəndiyi klubun və futbolçunun adını açıqladı[/b] - MÜSAHİBƏ

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki apasport.az saytının redaksiyasında qonaq olub. Xorvatiyalı çalışdırıcı bütün sualları özünəməxsus şəkildə, səmimi cavablandırıb.

 

 

“İntizamı pozan futbolçu millidə olmayacaq”

 

 

- Öncə təklifimizi qəbul edib, redaksiyamıza gəldiyiniz üçün Sizə minnətdarıq...

- Çox sağ olun. Şadam ki, məni bura qonaq çağırmısız.

 

- Sələfiniz Berti Foqts mətbuata bir qədər qapalı idi. Amma siz elə deyilsiniz, Azərbaycan gələn gündən jurnalistlərlə sıx əlaqədə olursunuz. Bu, AFFA rəhbərliyinin tapşırığıdı, yoxsa daxilinizdən irəli gəlir?

- Bu barədə AFFA rəhbərliyi ilə heç bir söhbət aparmamışıq. Bu, mənim səmimiyyətimdən, daxilimdən irəli gəlir. Foqtsun mətbuata belə açıq olmadığını eşitmişəm. Bu, onun şəxsi işidi, qarışmaq fikrim yoxdu. Amma mənim yanaşmam belədi ki, mətbuatla açıq olmalıyam. Nəyə görə? Çünki hər bir futbol azarkeşi millidə nə işlər görüldüyünü bilməlidi.

 

- Mətbuata qarşı olan bu xoş, səmimi münasibəti futbolçulara qarşı da göstərəcəksiz? Qorxmursuz ki, sonra komandada nizam-intizam mənasında, problem yaransın?

- Onlar peşəkar futbolçulardı. Millinin üzvü necə davranmaq lazım olduğunu bilir. Öz ölkələrini təmsil edirlər və bu, böyük məsuliyyət deməkdi. Təsəvvür edə bilmirəm ki, belə şeyə görə millidə nizam-intizam pozulsun. Peşəkar futbolçularla işləyəcəm. Məncə, nizam-intizam sarıdan komandada problem olmamalıdı. Necə varamsa, eləyəm. Həm mətbuatla, həm də futbolçularla çox söhbət edəcəm, çünki bu, vacibdi. İndiyədək işlədiyim bütün yerlərdə belə olmuşam: səmimi, ünsiyyətə açıq. İşlədiyim heç bir yerdə nizam-intizam problemi olmayıb. İnanmıram ki, Azərbaycan millisində belə bir problemlə üzləşim. Olsa, sözsüz ki, bu barədə danışacağıq. İntizamı pozan futbolçu millidə olmayacaq. Yığma üçün oynamaq böyük fəxrdi və bunu hamı dərk etməlidi. Futbolçu nizam-intizamı özü ilə milliyə gətirməlidi.

 

 

- Azərbaycan çempionatında kifayət qədər oyun izləmisiz. Açıqlamalarınızda hər komandadan 1-2 futbolçunu bəyəndiyinizi demisiz. Bəs nə vaxt ad çəkməyi planlaşdırırsız?

- Yaxşı oyunlar olduğu kimi, zəif qarşılaşmalar da olub. Bu, futbolda normal haldı. Hər dəfə yaxşı oyun göstərmək mümkün deyil. Böyük klublarda da bəzən hər şey alınır, bəzən isə əksinə. İndiyə qədər 3-4 gənc futbolçu diqqətimi cəlb edib. Düzdü, onların adlarını açıqlamamışam. Yanvarda klubların toplanışında olacam. Onların məşq proseslərini və yoxlama görüşlərini izləyəcəm. Bəyəndiyim futbolçuları fevralda millinin təlim-məşq toplanışına dəvət edəcəm. Adları da məhz həmin toplanışdan öncə açıqlayacam. Yaxşı fürsətdi, yanvarın 9-10-dan klubların əksəriyyəti Antalyada olacaq. Mən onların toplanışını əvvəldən axıra kimi izləyəcəm, ayın 24-dək Türkiyədə olacam.

 

 

“Xəzər Lənkəran”ı daha çox bəyənirəm”

 

 

- Hansı klubumuzun oyun tərzini bəyənirsiz. Yəni, millimiz klublarımızdan hansının oyun stilinə yaxın futbol göstərəcək?

- Hər klubun oyununu izləmişəm. Daha çox “Qarabağ”ın matçına baxmışam. Çünki Avropa Liqasında çıxış edirdi. Təəssüflər olsun ki, “Qarabağ” Avroliqadakı çıxışını dayandırdı. “Sent-Etyen”lə səfər və “İnter”lə Bakıdakı oyunlara baxmışam. “Xəzər Lənkəran”ın oyun stili mənim çox xoşuma gəlir. Həm topsuz, həm də topla yaxşı oynayırlar. Mən də çalışacağam ki, milli hücumameyilli, gözəl futbol nümayiş etdirsin. Hansı stildə oynamağımızın fərqi yoxdu, əsas odu hücumameyilli oyun göstərək. Sözsüz ki, “Qarabağ”ın heyətində keyfiyyətli futbolçu daha çoxdu. Amma oyun stilinə görə “Xəzər Lənkəran”ı daha çox bəyənirəm. “Xəzər Lənkəran”ın “Bakı” ilə keçirdiyi son görüşündən razı qalmadım. Əvvəlki matçlarda daha güclü təsir bağışlamışdılar. “Neftçi” də pis komanda deyil.

 

- Futbolçu karyeranızda yarımmüdafiəçi olmusuz. Bilirik ki, futbolda yarımmüdafiə xətti çox önəmlidi, komandanın “onurğa sütunu” sayılır. Öz oyun tərzinizə, tələb etdiyiniz komponentlərə uyğun yarımmüdafiəçilər varmı Azərbaycanda?

- Bəli, Azərbaycanda yaxşı gənc yarımüdafiəçilər var, millidə oynaya bilərlər. Xaricdə də milli üçün faydalı ola biləcək futbolçular çıxış edir. Məsələn, Dmitri Nazarov və Vaqif Cavadov. Vaqif cinahda oynayır, amma yarımmüdafiənin mərkəzində də yer ala biləcək futbolçular az deyil. Bizim işimiz ondan ibarətdi ki, yaxşıların içindən lap yaxşıları seçib, milliyə dəvət edək. 19 və 21 yaşlı istedadlı futbolçular da var. Onu da deyim ki, mənim üçün futbolçunun yaşının fərqi yoxdu. Onun oyununa baxıram, yaşına yox. Təcrübəli və gənc olmasının fərqi yoxdu, əsas odu yaxşı futbolçu olsun. Məhz buna əsasən milliyə futbolçular çağıracam. Fiziki durumu yerində olan təcrübəli oyunçuları da yığmaya dəvət edəcəm.

 

 

“Fiziki durumu yaxşılaşdırmaq mümkün deyil”

 

 

- Bizim futbolçular fiziki cəhətdən Avropa futbolu ilə tam ayaqlaşa bilmirlər. Azərbaycan futbolunda sürət azdı, uzaq məsafədən zərbələri xaricilər kimi yerinə yetirə bilmirik. Bu kimi problemlər sizi narahat etmir ki? Və çıxış yolunu nədə görürsüz?

- Dünyanın heç bir yerində futbolçuların fiziki durumu milli komandada yaxşılaşdırılmır. Çünki bu, klubun işidi. Futbolçu klubdan milliyə fiziki baxımdan hazır gəlməlidi. 6-7 gündə oyunçunun fiziki durumunu yaxşılaşdırmaq mümkün deyil. Həftəsonu çempionat görüşlərini canlı izləyirəm. Çalışacağıq ki, futbolçuların mentalitetini dəyişdirək, onlarda qalib ruhunu formalaşdıraq. Onlarla mental baxımdan söhbətlər edəcəyik. Amma fiziki durumu yaxşılaşdırmaq mümkün deyil. Əgər belə bir problemləri olsa, söhbət zamanı deməliyik ki, klublarda fərdi işləsinlər.

 

- Sizin üçün istedadlı, tənbəl futbolçu yaxşıdı, yoxsa istedadsız, çalışqan futbolçu?  

- Yaxşı olar ki, istedadlı və çalışqan olsun (gülür). Ən yaxşısı budu. İnanıram ki, Azərbaycanda belə futbolçular var.

 

 

“...Avropada problemsiz oynayar”

 

- Ayağınız düşərli oldu, Azərbaycana gələn kimi Emil Balayev “Ayntraxt”a keçdi. Başqa hansı futbolçularımızda ölkə xaricinə çıxmaq üçün potensial var?

- Birbaşa deyə bilərəm ki, Ruslan Qurbanovda o potensial var. Bundan öncə adla bağlı sual verdiniz, cavab vermək istəməsəm də, artıq istəyinizə çatdız (gülürük). Ruslanın uzun müddət milliyə çağırılmadığından agaham. Gördüyüm oyunlara əsasən onu deyə bilərəm ki, fiziki cəhətdən yaxşı formadadı, güclü texnikaya malikdi. Hücumameylli futbolçu olması öz yerində, müdafiədə də komandasına kömək edir. “Sumqayıt”la matçın taleyini demək olar ki, təkbaşına həll etdi. Qollar vurdu, məhsuldar ötürmə verdi. Mənə elə gəlir ki, Ruslan Qurbanov Avropada problemsiz oynayar. Başqa futbolçular da var ki, Avropa ölkələrinin çempionatlarında özlərini göstərə bilərlər.

 

 

“Gərək yerli oyunçudan 3 baş üstün olsun”

 

 

- Foqtsun vaxtında milliləşdirilmiş futbolçu yığmaya çox çağırılırdı və buna görə almaniyalı mütəxəssis tənqid olunurdu. Sizin vaxtınızda necə, bu ənənə davam edəcək, yoxsa ancaq yerlilərə güvənəcəksiniz?

- Mənim üçün yerli və ya milliləşdirilmiş futbolçunun fərqi yoxdu. Yaş amilinə necə yanaşıramsa, bu məsələyə də o cür yanaşıram. Siz də yəqin mənimlə razılaşarsız ki, Dmitri Nazarov pis futbolçu deyil. O, sonradan milliləşdirilib. Yerli və ya kənardan gələn futbolçunun fərqi yoxdu. Mənim fəlsəfəm odu ki, oyun maraqlı keçsin və azarkeşlər stadiona gəlsinlər. Bundan əlavə, nəticə də vacibdi. Mən də səhvlərə yol verə bilərəm, səhvsiz insan yoxdu. “Gənc-gənc” deyirəm, amma bu, o demək deyil ki, kapitanımız Rəşad Sadıqov oynamayacaq. Mənim üçün əsas futbolçunun durumudu. Əgər durumu yaxşıdısa və millidə oynamağa layiqdisə, yaşından və yerli-milləşdirilmiş futbolçu olmasından asılı olmayaraq, oynayacaq. Amma onu da deyim ki, xaricdən gələn futbolçuya Azərbaycan pasportu verilirsə, gərək yerli oyunçudan 3 baş üstün olsun ki, yığmaya çağırım.

 

- AÇ-2016-nın seçmə mərhələsində xala həsrət qalmışıq. Bu təsnifat mərhələsi üçün neçə xal yığmağı hədəfləmisiz?

- Çətin sualdı. Cavab verməkdə çətinlik çəkirəm. İlk növbədə çalışacam ki, komandanın oyun stilini dəyişdirək. Azərbaycan millisi daha maraqlı, gözəl futbol göstərməlidi. Qələbə qazanmaq üçün qol epizodları yaratmaq və onlardan yararlanmaq lazımdı. Mənim fəlsəfəm belədi ki, evdə Norveç kimi komandaya qarşı oynayırsansa, gizlənmək lazım deyil. Həmin matçda rəqib qapısına cəmi 1 zərbə vurmaq yaxşı göstərici deyil.  

 

 

“Alınıb-alınmayacağını  vaxt göstərəcək”

 

 

- Seçmə mərhələ çərçivəsində Xorvatiya ilə də ev oyunumuz qalır. Millimiz həmin matça hansı nəticə üçün çıxacaq?

- Yəqin razılaşarsınız ki, indi dünyada 6-7 güclü komanda varsa, onlardan biri də məhz Xorvatiyadı. Artıq Xorvatiya millisində qələbə mentaliteti formalaşıb. Xorvat futbolçular “Barselona” və “Real”da, Almaniya Bundesliqasında çıxış edirlər. Onlar klublarında qələbəyə öyrəşiblər və bu ənənəni millidə davam etdirirlər. Biz Xorvatiyaya qarşı matçda da əlimizdən gələni edəcəyik. Futbolçunun özünə arxayın olması çox önəmlidi. Amma onu da deyim ki, Malta - Xorvatiya görüşünü izləmişəm, həmin matçda Xorvatiya 2:0 hesablı qələbə qazansa da, oyunu çox pis keçirdi. Zəif təsir bağışlasalar da, keyfiyyətli futbolçulara sahib olduqları üçün qalib gəldilər. Modriç topu götürüb, 3 oyunçunu keçir və qol vurur. Mən çalışacam ki, oyunçular özlərinə əmin olsunlar və anlasınlar ki, onlar da qələbə qazana bilirlər. Azərbaycan çempionatına baxıram. Sizin futbolçular qaça bilirlər, texnika baxımından da güclüdülər. Sadəcə, bunu güclü komandalarla oyunlarda göstərməlidilər. Alınıb-alınmayacağını isə vaxt göstərəcək.

 

- Yeni yaradılan Məşqçilər Komitəsinin yerli futbolçularla bağlı məsləhətlərini dinləyəcəksinizmi?

- Sözsüz. Yeni bir şey eşitmək, öyrənmək həmişə maraqlıdı. Mən onların məsləhətlərinə qulaq asacam.

 

 

“Rəhbərlik sözünün üstündə durmadı”

 

 

- Azərbaycan yığmasının baş məşqçisi postuna keçdiyiniz vaxt “Kayserispor” klubunun idman direktoru Süleyman Hurma “Prosineçki hara gedirsə, komandanı qoyub qaçır” deyərək, sizi tənqid etmişdi. Bu fikrə münasibətiniz necədi?

- Mən ora baş məşqçi keçəndə, komanda ölkə çempionatında 17-ci yerdə idi. Həmin çempionatı biz 5-ci pillədə bitirdik. Həqiqətən də, gözəl futbol oynayırdıq, qarşımıza çıxanı məğlub edirdik. Həmin vaxt mənə “Beşiktaş”dan təklif gəldi. Siz də bilirsiz ki, “Beşiktaş” Türkiyənin ən güclü 3 klubundan biridi. Başqasına bu təklif gəlsəydi, 99 faiz “Beşiktaş”a keçərdi. Lakin mən qaldım. Dedim ki, qalıram, komandaya yeni oyunçular alınmalıdı. Amma əksinə oldu, “Kayserispor”dan 3 aparıcı futbolçu getdi və onları əvəzləyən olmadı. Rəhbərlik sözünün üstündə durmadı. Mən də gördüm ki, komandada potensial yoxdu, “Kayserispor”dan getdim. 

 

- Ailənizi Bakıya konkret olaraq, nə vaxt gətirəcəksiniz?

- Yanvarın 5-də məktəb artıq başlayır. Ayın 3-ü və ya 4-də ailəmlə birlikdə Bakıda olacam.

 

- Deməli, qızınızın məktəb məsələsi artıq həll olunub...

- Həll edirlər (gülür).

 

- Azərbaycan mentalitetinə, Bakı həyatına uyğunlaşa bilmisizmi? Ailəniz bu mənada problem yaşamayacaq ki?

- Azərbaycan gözəl ölkə, Bakı əla şəhərdi. İnsanları çox səmimidi. Keçmiş Yuqoslaviyadan olan futbolçular burda az deyil. Onlarla tez-tez danışıram. 4-5 ildi burda yaşayanlar var, onlar da Azərbaycanı, Bakını tərifləyirlər. Paytaxtınız füsunkardı, havası gözəldi. Gecə də Bakını qorxusuz gəzmək olar, cinayət azdı. Yəni, Bakı təhlükəsiz şəhərdi.  

 

 

“Ömrümdə elə kabab yeməmişdim”

 

 

- Azərbaycan mətbəxi ilə aranız necədi?

- Çox yaxşı. Azərbaycan mətbəxini bəyənirəm. Amma Bakı restoranlarında seçim çoxdu, xarici yeməklər də sifariş etmək olur. Azərbaycanın ət, balıq yeməkləri daha çox xoşuma gəlir. Burda italyan, yapon və alman mətbəxi də var. Yemək məsələsində çətinlik çəkmirəm. Amma üstünlüyü Azərbaycan mətbəxinə verirəm. Biz Zaqatalaya gedəndə Qəbələdə kabab yedik. Çox xoşuma gəldi. Ömrümdə elə kabab yeməmişdim.

 

- Azərbaycan dilini necə, öyrənmək fikriniz varmı?

- Çalışacağam ki, sadə sözləri öyrənim və lazım olanda onları işlədim. Həm oyunçularla, həm də mətbuatla ünsiyyətdə bu mənə kömək ola bilər. Dil məsələsinə də vaxt ayıracam.

 

- Berti Foqts Dağlıq Qarabağın işğal altında olmasını təbliğ edirdi. Siz də bu məsələdə hansısa formada bizə yardımçı olacaqsızmı?

- Mənə zəng edib soruşanda ki, Azərbaycan necə yerdi, orda vəziyyət necədi, cavab verirəm ki, çox gözəldi. Bilirlər ki, Azərbaycanda Qarabağ problemi var. Yuqoslaviya dağılanda biz də belə bir problemlə üzləşmişik. Yəni belə müharibələri, dəhşətləri biz də görmüşük. Əlimdən gələni edəcəm ki, bu məsələ ilə bağlı düzgün təbliğat aparım.

 

Tengiz MƏMMƏDOV

0