[b]PFL prezidenti şikayətçi hakimin yalanını üzə çıxardı[/b]
17.12.2014 - 14:24
[b]PFL prezidenti şikayətçi hakimin yalanını üzə çıxardı[/b]

“Anar Salmanovu artıq qəbul etmişəm. Dedi ki, Ramin müəllim, adımı FİFA hakimliyindən çıxarıblar, niyə belə olub? Cavab verdim ki, bu məsələyə mən baxmıram. Bununla da söhbət bitdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Anar Salmanov saytımıza açıqlamasında Musayevin qəbulunda hələ olmadığını desə də, PFL prezidenti bunu təkzib edib: “Yenə deyirəm, bu məsələ mənlik deyil. O işə mən baxmıram. Amma Anar qəbulumda olub”.

 

PFL prezidenti çempionatın gedişatı ilə bağlı da münasibətini bildirib. O, yanvara qədərki mərhələdən razılığını dilə gətirib: “Bura qədərki gedişatdan narazılığım yoxdu. Düzdü, Premyer Liqadakı komandaların sayı azaldı, “Araz Naxçıvan” çıxışını dayandırdı. Buna mane ola bilmədik. Digər məsələlərdə isə narazılığım yoxdu. Yüksək dəstədə 9 komanda qalsa da, mübarizə davam edir, maraqlı oyunlar izləyirik. Klubların işlərinə ürəklə yanaşmaları yaxşı haldı”.

 

Musayev birinci divizionla bağlı da fikirlərini bölüşüb. O, “Lokomotiv”in “Ağsu” ilə görüşə 7 nəfərlə çıxmasından xəbərdar olduğunu bildirib: “Təbii ki, bundan xəbərim var. Klub rəhbərliyi ilə söhbət etmişik. Belə hal baş verməməlidi”. 

Tengiz Məmmədov

0