[b]Franko Nildo: Buna kimsə şübhə etməsin - MÜSAHİBƏ[/b]
18.12.2014 - 00:00
[b]Franko Nildo: Buna kimsə şübhə etməsin - MÜSAHİBƏ[/b]

"İnter” klubunun hücumçusu Franko Nildonun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasında ardıcıl 3 qələbədən sonra yenə heç-heçə etdiniz. Qələbə seriyasını “Simurq”la oyunda davam etdirə bilməməyinizin səbəbi nə oldu?

- Startda hesabda geri düşdük. Üstəlik, hücumda da oyunumuz istədiyimiz kimi alınmırdı. Fasilədə baş məşqçi dəyişiklik etdi. Xarakter göstərdik və nəticədə bərabərlik qolunu vurduq. “Simurq” güclü komandadı. Xüsusilə, doğma meydanlarında onları məğlub etmək çox çətindi.

 

- Birinci hissədə oyununuz niyə alınmadı? Problem nədə idi?

- Hansısa problem yox idi. Normal oynadıq. Bəzən oyun alınmır, həmin anda dəyişiklik etməklə dönüş yaradırsan. Bizdə də belə oldu.

 

- Bu komandalar qarşılaşan zaman hər dəfə müxtəlif söz-söhbətlər yayılır. Hətta Zaqataladakı oyundan əvvəl matçın 1:1 hesabı ilə bitəcəyini deyənlər də var idi. Bu haqda nəsə eşitmişdiz?

- “İnter”ə gəlməmişdən əvvəl müəyyən söz-söhbətlər eşitmişdim. Bu komandaya keçdikdən sonra isə “Simurq”a qarşı 2 dəfə oynamışıq. Mən dostluq münasibətini meydanda görməmişəm. Əksinə, onların çətin rəqib olduğunun şahidi olmuşam. Nəticələr də bunu deyir. Bu mövsüm onlarla iki dəfə qarşılaşmışıq və hələ ki, qələbə qazana bilməmişik, oyunlar çox ağır keçib. Hesabla bağlı deyilənlər haqda isə eşitməmişəm.

 

- Son oyunlarda vurduğunuz qollara görə, sizi “İnter”in xilaskarı hesab etmək olar?

- Komandanın bir üzvü kimi qələbə qazanmağımız vacibdi. Kimin qol vurması önəmli deyil. Çalışıram, çox məşq edirəm ki, daim formada olum və baş məşqçi etimad göstərsin. Hücumçu üçün qol vurmaq sevindirici haldı. Ancaq komandanın uğuru daha vacibdi.

 

- Premyer Liqanın XVII turunda “Neftçi” ilə qarşılaşacaqsınız. Oyunla bağlı nə düşünürsünüz?

- Çətin, həm də maraqlı oyun olacaq. “Neftçi”nin heyətində yaxşı futbolçular var. Bu baxımdan “İnter” də rəqibindən geri qalmır. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Bu da meydanda maraqlı mübarizənin alınmasına kömək edəcək. Azarkeşlərimizə və matçı izləyəcək hər kəsə hörmətlə yanaşıram. Oyundan əvvəl qol vuracam deyə bir açıqlama verə bilmərəm. Amma meydanda ürəyimi qoyduğumu hər kəs bilsin. İmkanım daxilində bacardığımı 100 faiz reallaşdırmağa çalışıram.

 

- Bu oyunda qələbə qazanacağınız təqdirdə ikinci pilləyə yüksələcəksiniz və 2014-cü ili ən azı həmin mövqedə başa vuracaqsınız. Bu fürsəti əldən vermək olarmı?

- “Neftçi” ilə oyun bizim üçün həm də bu baxımdan vacibdi. Üstəlik, bu dəfə meydan sahibi bizik. Əlbəttə, 3 xalı qazanmaq istəyirik. Bunun üçün də mübarizə aparacağımıza heç kim şübhə etməsin. Təbii ki, bunu futbolçular daha çox istəyir.

 

- Baş məşqçinin texniki zonada yer almaması oyununuza təsir edir?

- Bu elə də təsir etmir. O, yoxdu, əvəzində köməkçiləri orda əyləşirlər. Həm də lazımi tapşırıqlar əvvəlcədən verilir. Baş məşqçi texniki zonada əyləşməsə də, tribuna meydançaya çox yaxın olduğundan tapşırıqlarını eşidirik. 

0