[b]Elvin Məmmədov: Mənim əvəzlənməyim bəhrəsini verdi[/b] - MÜSAHİBƏ
19.12.2014 - 13:00
[b]Elvin Məmmədov: Mənim əvəzlənməyim bəhrəsini verdi[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVII turunda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazanan “İnter”in yarımmüdafiəçisi Elvin Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Qazandığınız qələbə barədə nə deyə bilərsiniz?

- Maraqlı mübarizə oldu. Qələbə seriyasını davam etdirmək üçün 3 xal qazanmaq vacib idi. Hesabı rəqib açsa da, qələbəni biz qazandıq. Bu cür seriyanın davamlı olmasını arzulayıram.

 

- Fasilədə nə baş verdi ki, ikinci hissədə matçın taleyini xeyrinizə dəyişdiniz?

- Baş məşqçi Kaxaber Sxadadze fasilədə paltardəyişmə otağına gəldi və öz iradlarını bildirdi. Dedi ki, özünüzə inanın, mübarizə aparın, qələbə qazanacağıq.

 

- Hansı iradları qeyd etdi?

- İrəlidə topu özümüzdə çox saxlamalı olduğumuzu dedi. Eyni zamanda, cinahlardan da istifadə etməyin vacibliyini vurğuladı. Onun dediklərini etdik və bəhrəsini gördük.

 

- Əvəzlənməyiniz nə ilə bağlı idi?

- Bu, baş məşqçinin qərarıdı. Ola bilsin taktiki gedişlə bağlı idi. Bu da bəhrəsini verdi.

 

- “İnter” bu qələbə sayəsində ikinci pilləyə yüksəldi. Demək olarmı ki, hazırkı məqamda “İnter”ə əsas rəqib elə “Qarabağ”dı?

- “Neftçi” də zəif komanda deyil. Onlar bizdən öndə idilər. Rəqiblərimizin xal itirəcəyini gözləyirdik. Əsas odu ki, özümüz qələbə qazanaq.

 

- Hakimlərdən narazı qaldığınız məqamlar da oldu. Konkret bir epizodda topun “Neftçi”nin futbolçusunun əlinə dəydiyi deyilirdi...

- Hakimliklə bağlı heç nə demək istəmirəm. Əliyar Ağayev kifayət qədər tanınmış referimizdi. Özünə hörmət edən insan heç vaxt ciddi səhvə yol verməz. Hər şeyi normal qarşılayıram. Ola bilsin hansısa epizodu görməyə bilər. O da insandı.

 

- “Neftçi”nin futbolçularının sona yaxın sərt oynamalarının səbəbi nə idi?

- Bu, normaldı. Uduzan komanda həmişə sərt oynamalıdı.

 

- Bazar günü “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu haqda nə düşünürsünüz?

- Vacib qarşılaşmadı. Bu matçda qələbə qazansaq, həm ikinci pillədə möhkəmlənəcəyik, həm də “Qarabağ”la xal fərqinin artmasına imkan verməyəcəyik.

 

- Millinin yeni baş məşqçisi Robert Prosineçki də stadionda idi. Berti Foqtsun dövründə bir müddət yığmaya dəvət edilmədiniz. Hazırkı məşqçinin oyunları izləməsi özünüzü yaxşı tərəfdən göstərməyinizə təsir edirmi?

- Əlbəttə, təsir edir. Bizim üçün yenidi. Mən də hər şeyə sıfırdan başlayıram. İki ilə yaxındı ki, millidə daim oynamıram. Ara-sıra çağırılsam da, sabitlik yoxdu. Həm onun, həm də mənim üçün uğurlu olsun.

 

- Kaxaber Sxadadze açıqlamasında tez-tez deyir ki, Tiraspoldakı oyunda meydanda olan Elvini görmək istəyirəm. Nə vaxt tam hazır olacaqsınız?

- Moldovadakı oyun, həqiqətən də, uğurlu alındı. Toplanışdan yeni gəlmişdik, çoxlu oyunlar keçirdik. Sonrakı matçların statistikasına baxsaq, daim oynamadığım ortaya çıxır. Bəzən ehtiyatdan daxil oluram və s. Mən də əvvəlki kimi sabit oynamaq istəyirəm. Qarşıdan fasilə gəlir. Toplanış zamanı həm yaxşı hazırlaşmalı, həm də oyunlarda fəallıq göstərməliyəm.

 

- Fasilə problem yaratmayacaq?

- Biz daim oynamağa öyrəşməliyik. Futbolçu üçün toplanışda çox qaçmaqdansa, tez-tez oynamaq vacibdi.

0