[b]“...daha getmir, futbolla vidalaşıram”[/b] - MÜSAHİBƏ
19.12.2014 - 16:35
[b]“...daha getmir, futbolla vidalaşıram”[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVII turunda “Qəbələ” ilə qarşılaşan (1:1) “Sumqayıt” klubunun kapitanı Ruslan Poladovun apasport.az saytına müsahibəsi

 

- “Qəbələ” ilə görüşdən başlayaq. Qazanılan 1 xal sizi qane edirmi?

- Ağır oyun oldu. Biz matça 3 xal üçün çıxmışdıq. İstəyirdik ki, qələbə qazanaraq, xal ehtiyatımızı artıraq. Qarşıdan “Qarabağ”la görüş gəlir. Bu komandanın gücü hər kəsə bəllidi. Odu ki, “Qəbələ”ni mütləq yenmək istəyirdik. Yaxşı oynadıq, sadəcə tələskənlik var idi. Sonuncu ötürməni verə bilmirdik. Əldə etdiyimiz qol şanslarını qaçırdıq. Hesabı da çox gec açdıq. Əfsuslar olsun ki, qələbə hesabını sona qədər qoruya bilmədik. Qapımıza təyin olunan penaltidən sonra hesab bərabərləşdi.

 

- Həmin penalti çox müzakirə olundu. Oyunun gedişində və matçdan sonra “Sumqayıt” tərəfi narazı idi. Amma epizodun təkrarı da göstərdi ki, Rəhim Həsənovun qərarı haqlı idi...

- Biz əslində, Rəhimə penalti verdiyinə görə etiraz etmirdik. Sadəcə, həmin epizodda yan xətt hakimi bayrağını qaldırmadı. Mən də Rəhimə dedim ki, laynsman bayraq qaldırmadı, bəlkə onunla məsləhətləşəsən. Dedi ki, mən epizoda yaxın idim, Çertoqanovun rəqib futbolçunun ayağına zərbə endirdiyini gördüm, qəti qərarımdı. Açığı, epizodun təkrarına baxmamışam. Amma baxanlar da deyir ki, toxunuş olub.

 

- “Qəbələ” ilə matçda sərgilənən oyuna görə qələbəyə layiq idiniz. Digər görüşlərdə də yaxşı təsir bağışlayırsız. Bəs “Sumqayıt”ın turnir cədvəlində 8-ci yerdə olmasının səbəbi nədi?

- Komanda daxilində də bu məsələni müzakirə edirik. Oyunumuza görə turnir cədvəlindəki vəziyyətimiz normal deyil. “Sumqayıt” gənc komandadı. Heyətdəki cavan uşaqlar oyundan-oyuna təcrübə yığırlar. Bəzi zədəli futbolçularımız var. Onlar qayıtsa və yanvarda yeni transferlər edilsə, daha yaxşı yerdə ola bilərik. Baxanlar da bilir ki, biz bütün oyunlarda hücum futbolu göstərməyə çalışırıq. Qollar vururuq, qol epizodları yaradırıq. Dəfələrlə hesabda önə keçsək də, qələbə hesabını qoruya bilmirik. Öz səhvlərimiz ucbatından qələbəni əldən veririk. Bu, təcrübəsizlikdən irəli gəlir. Mən də daxil olmaqla, təcrübəli futbolçular çalışırıq ki, gənclərə kömək edək, meydanda onlarla çox danışaq.

 

- 35 yaşınız olsa da, əsas heyət oyunçusuz. Bu yaşda fiziki hazırlığı qoruyub saxlamaq çətin deyil ki?

- Çətin deyil. Oynamaq üçün özümdə güc hiss edirəm.

 

- Karyeranızı nə vaxt bitirməyi planlaşdırırsız?

- Konkret hansısa yaşı nəzərdə tutmamışam. Heç kimə lazım olmasam, futboldan gedəcəm. Gücüm olmasa deyərəm ki, daha getmir, futbolla vidalaşıram. Amma bayaq da qeyd etdiyim kimi, gücüm var. Düzdü, yaş məsələsi müqavilənin bağlanmasında rol oynayır. Komandanın gələcək planları, potensialı üçün nəzərdə tutulmaya bilərəm. Lakin indiki məqamda karyeramı bitirmək haqda düşünmürəm.

 

0