[b]Şakir Qəribov 5-ci üzv oldu, U-21-in baş məşqçisi isə...[/b]
19.12.2014 - 17:08
[b]Şakir Qəribov 5-ci üzv oldu, U-21-in baş məşqçisi isə...[/b]

“Elxan Məmmədovla görüşümüz indicə başa çatdı. İclasda Məşqçilər Komitəsinə 5-ci üzv kimi Şakir Qəribovun qəbul olunması təsdiqləndi”. Bu sözləri apasport.az saytına açıqlamasında Vaqif Sadıqov deyib.

 

Məşqçilər Komitəsinin sədri, təcrübəli mütəxəssis AFFA-nın baş katibi ilə bu gün keçirdikləri görüş haqda danışıb. Sadıqovun sözlərinə görə, iclasda 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçi məsələsi də müzakirə olunub: “U-21-in baş məşqçi məsələsini də müzakirə etdik. Bizim baş katibə təqdim etdiyimiz siyahıda 4 yerli məşqçinin adı var. Hər biri bu işin altına girməyə hazırdı. Federasiya rəhbərliyinin özünün isə danışıq apardığı xarici məşqçilər var. Amma biz istəyirik ki, U-21-in baş məşqçisi yerli mütəxəssis olsun. Bu istəyimizi Elxan müəllimə bildirdik, o da normal qarşıladı. Dedi ki, bu haqda federasiya rəhbərliyinə məlumat verəcəm. Qərara alındı ki, ilin sonuna qədər bununla bağlı müzakirələr aparılsın. Çünki U-21-ə baş məşqçi təyin etmək çox məsuliyyətli işdi”.

 

Sadıqov baş katibə təqdim etdikləri siyahıdakı 4 yerli məşqçinin adını açıqlamaq istəməsə də, apasport.az saytı bu barədə artıq yazıb. Həmin məşqçilər Nazim Süleymanov, Əsgər Abdullayev, Yaşar Vahabzadə və Şahin Diniyevdi.

 

Təcrübəli mütəxəssis Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki ilə bu gün keçirdikləri görüş haqda da fikirlərini bölüşüb: “Prosineçki ilə 2 həftə öncə görüşmüşdük, bu gün yenidən bir araya gəldik. Təxminən 1 saatdan çox onunla diskussiya apardıq. Prosineçkinin 2 həftə ərzindəki işi, oyunları izləməsi yalnız xoş sözlərə layiqdi”. 

0