Sadıq Sadıqovdan avtobus hədiyyəsi - FOTO
20.12.2014 - 16:17
Sadıq Sadıqovdan avtobus hədiyyəsi - FOTO

“Bayıl Arena”da “Neftçi” rəhbərliyinin və klubun uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, görüşdə “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA İcraiyyə Komitəsinin qərarı ilə “ağ-qaralar”ın yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər.

 

Tədbirdə klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə UEFA tərəfindən “Neftçi”yə ayrılmış vəsait hesabına alınmış yeni avtobus məşqçilərə təqdim edilib. Komandanın vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub. Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl “Everton”un, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”.

 

“Neftçi”nin icraçı-direktoru Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının öz klubumuzun yetirmələri olduğunu vurğulayıb: “Bu gün əsas komandada oynayan futbolçuların əksəriyyəti sırf “Neftçi” uşaq-futbol məktəbinin yetirmələridi. Gənc oyunçularımız Avropa klublarının diqqətini cəlb edir. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Bununla belə bütün uğurlar məşqçilərin məsuliyyətini daha da artırır”.

 

Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib: “Neftçi”yə gəldiyim ilk gündən başda klub prezidenti başda olmaqla, rəhbərlik tərəfindən uşaq futboluna xüsusi həssaslıqla yanaşıldığını gördüm. Bu bizim işimizin daha keyfiyyətli alınması üçün önəmli şərtdir. Hər bir böyük klub kubok qazandıqdan sonra onu muzeyə qoyur. O kubok unudulmalı, yeni titul haqda düşünülməlidi. Uşaq futbolunda isə gənc futbolçu əsas komandaya yüksələndən sonra məşqçilər sanki titul qazanmış olur. Geriyə dönüb yeni istedadları yetişdirməlisən. Bizim uğurumuzdu ki, “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı uşaqlar var”.  

0