[b]Yığmamızın Rio-2016-da qazandığı medallar təhlükə altında[/b]
20.05.2017 - 11:47
[b]Yığmamızın Rio-2016-da qazandığı medallar təhlükə altında[/b]

Rio Yay Olimpiya Oyunlarının mükafatçıları ciddi problemlə üzləşiblər. Apasport.az saytının məlumatına görə, yarışda qazanılan medallarda paslanma müşahidə olunur.

 

Ötən il Braziliyada mükafat qazanan idmançılardan 130-u artıq medalını təşkilatçılara qaytarıb. Buna səbəb onun üzərində qara ləkənin “peyda olması” və paslanmağa başlamasıdı.

 

Xəbəri Rio-2016-nın Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Mario Andrada da təsdiqləyib. O bildirib ki, paralimpiyaçılar da medalları qaytarmağa başlayıblar. Andradanın sözlərinə görə, ilk belə hallar ötən ilin oktyabrında qeydə alınıb.

 

O, problemin səbəbini belə izah edib: “Səbəblərdən ən əsası odu ki, medalı əllərindən yerə salıblar və mükafatı düzgün yerdə saxlamayıblar. Nəticədə onun üzərindəki boya cızılıb. Həmin yerdən paslanma başlayıb. Təxminən 10 medal isə güclü soyuğa görə bu vəziyyətə düşüb”.

 

Braziliyalılar bu medallardakı problemi aradan qaldırıb, sahiblərinə qaytaracaqlarını açıqlayıblar.

 

Qeyd edək ki, Rioda ümumilikdə 2488 medal verilib. Bundan başqa, paralimpiyaçılar da 100-lərlə medala yiyələniblər.

 

Azərbaycan yığması yarışdan 18 medalla (1 qızıl, 7 gümüş, 10 bürünc) qayıdıb. Paralimpiyaçılarımızın qazancı isə 11 mükafat (1 qızıl, 8 gümüş, 2 bürünc) olub. 

0