[b]“Bəzən nəticə öncədən razılaşdırılır” – Məmmədyarovdan Karlsenə cavab[/b]
06.06.2018 - 10:04
[b]“Bəzən nəticə öncədən razılaşdırılır” – Məmmədyarovdan Karlsenə cavab[/b]

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenin iddialarına cavab verib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Sergey Karyakinlə hansısa danışılmış oyunlarda iştirak etmədiyini deyib.

O, Norveçin TV2 kanalına açıqlamasında şahmatda belə halların olduğunu təsdiqləsə də, bunun hər turnirdə baş vermədiyini vurğulayıb: “Düşünürəm ki, Sergey məndən revanş almaq istəyirdi. Bir neçə dəfə onu məğlub etmişəm. Bununla yanaşı, Stavanqer şəhərində keçirilən “Altibox Norway Chess”də ona qarşı ağ fiqurlarla çıxış etmişəm. Bəzən elə hallar olur ki, oyunların nəticəsi öncədən razılaşdırılır. Bu, hər turnirdə baş vermir. Sadəcə bəzən özünü yaxşı hiss etməyəndə, ya xəstə olanda, üstəlik, rəqibin də ağ fiqurlarla oynayırsa, belə hal yaşanır. Ancaq həm idman, həm də tamaşaçılar baxımından rəqabətin olması daha yaxşı haldı”.

Məmmədyarov belə halların idmançıya yaraşmadığını da deyib: “Bu, hansısa bir güclü oyunçunun 10-15 dəqiqə sonra heç-heçə oynaması kimi bir şeydi. Təbii ki, yaxşı hal deyil. Şahmat oynamağa çalışmaq, nəticə göstərmək ən yaxşısıdı. Qaydalar da partiyaların əvvəlcədən razılaşdırılmasını aşkar şəkildə qadağan edir”.

Qeyd edək ki, Karlsen Məmmədyarovla Karyakin arasında danışılmış oyunların olmasını iddia edib.

0