[b]Məşhurlara “Vüqar Həşimov adına mükafat” təqdim olunacaq[/b]
24.10.2017 - 12:00
[b]Məşhurlara “Vüqar Həşimov adına mükafat” təqdim olunacaq[/b]

Şahmat üzrə dünyanın ən nüfuzlu “Tata-Steel Masters” turnirinin 80-ci Yubiley qarşılaşması zamanı qaliblər məşhur Azərbaycan şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatı ilə təltif olunacaqlar. Vüqar Həşimov Şahmat Akademiyasından apasport.az saytına verilən məlumata görə, yarış 12-28 yanvar 2018-ci ildə Niderlandın Veyk-aan-Zee şəhərində keçiriləcək.

 

Hələ 3 il əvvəl Həşimovun ailəsi tərəfindən onun əziz xatirəsinə həsr olunaraq yaradılan “Fair Play” mükafatı da ilk dəfə məhz Veyk-aan-Zee şəhərində baş tutan ənənəvi turnirdə dünya şahmat ulduzlarına təqdim edilib. Bu mükafatla dünyanın ən məşhur şahmatçıları David Navara, Şəhriyar Məmmədyarov, Hou Yifan, Pentala Harikrişna təltif olunublar.

 

Qeyd edək ki, beynəlxalq qrossmeyster Vüqar Həşimov şahmat üzrə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb, FİDE Qran-Pri turnirinin, İtaliyada müntəzəm olaraq keçirilən Reccio-Emiliya şahmat turnirinin və bir çox nüfuzlu turnirlərinin qalibi olub və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqinə görə dünyanın ən güclü şahmatçılarından biridi.

 

“Tata-Steel Masters” turnirinin 80-ci yubileyində keçiriləcək qarşılaşmaları bütün dünya diqqətlə izləyəcək. Azərbaycanın tanınmış şahmat ustası Şəhriyar Məmmədyarovun da daxil olduğu şahmatçıların arasında dünya çempionları Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və Hou Yifan da var.

0