[b]“Şah” təşkilatçılardan narazıdı: Şoka düşmüşdüm[/b]
11.03.2018 - 18:08
[b]“Şah” təşkilatçılardan narazıdı: Şoka düşmüşdüm[/b]

Berlində “Şahmat Tacı” uğrunda iddiaçıların turnirində iştirak edən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmdəyarov ilk turdan sonra təşkilatçılardan narazı qalıb. Apasport.az saytının məlumatına görə, Sergey Karyakinlə partiyadan sonra təşkil olunmuş mətbuat konfransında danışan Şah bir neçə nüansdan şikayət edib.

 

O, xüsusilə də zalda səs-küyün çox olmasından gileylənib: “Ətrafda səs çox idi, amma məni ən çox təəccübləndirən məqam, oyunun ən kritik məqamında kənardan Yudit Polqarın Karyakinin partiyanı necə heç-heçə bitirməsi ilə bağlı şərhi idi. O, bunu çox yaxınımızda səsləndirdi, mən şoka düşmüşdüm. Bu barədə hakimlərə də bildirdim. Düşünürəm ki, bu, çox böyük səhv idi”.

 

Qeyd edək ki, sözügedən oyunda qara fiqurlarla oynayan və qələbə qazanan Məmmədyarov bu gün ağ fiqurlarla erməni şahmatçı Levon Aronyana qarşı çıxış edəcək.

0