[b]"Şahmatçılarımıza qarşı oynaya bilmirəm" - Şəhriyar Məmmədyarov[/b]
26.04.2018 - 18:23
[b]"Şahmatçılarımıza qarşı oynaya bilmirəm" - Şəhriyar Məmmədyarov[/b]

“Teymur Rəcəbovla 1993-cü ildən şahmat oynayırıq. Həmin ildə də ilk dəfə ona qarşı mübarizə aparmışam”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı şahmatçı Şəhriyar Məmmədoyarov deyib.

 

Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirində VII tur davam edir. Hesabat turunda Azərbaycan şahmatçıları Məmmədyarovla Teymur Rəcəbov heç-heçə oynayıb. 

Məmmədyarov mətbuat konfransında yığmadakı komanda yoldaşı ilə ilk görüşlərini xatırlayıb: “O vaxt cəmi 4 ay əvvəl şahmat oynamağa başlamışdım. Təsəvvür edin, 4 ay şahmat öyrəndim sonra yarışda Rəcəbova qarşı çıxış edirəm. Teymur artıq uşaqlar və yeniyetmələr arasında bir sıra beynəlxalq turnirlərin qalibi, mükafatçısı idi. Yarışda Vüqar Həşimov, Qədir Hüseynov da iştirak edirdi. İndiyə qədər yadımdadı. Ağ fiqurlarla üstünlük qazanmışdım, amma oyunun həlledici məqamında Teymur heç-heçə təklif etdi. Razılaşdıq və partiya bərabərliklə yekunlaşdı. Oyundan sonra hamı Teymurdan heç-heçə oynamağının səbəbini soruşurdu”.

O, Azərbaycan şahmatçılarına qarşı mübarizə aparmağın çətinliyindən də danışıb: “Ümumiyyətlə müxtəlif beynəlxalq turnirlərdə rəqib oluruq. Etiraf edim ki, Azərbaycan şahmatçılarına qarşı oynaya bilmirəm. Bütün gücümlə mübarizə aparmaq alınmır. Millidə komanda yoldaşım, dostum olan şahmatçıya rəqib kimi baxmaq asan deyil. Ona görə beynəlxalq turnirlərdə də azərbaycanlılarla görüşmək istəmirəm".

Azərbaycan şahmatçısı bəzi həmkarlarının məğlubiyyəti qəbul edə bilmədiyini söylədi: "Məğlub olsan belə həvəsdən düşmək olmaz. Gərək növbəti görüşə hazırlaşasan. Çində keçirilən turnirdə ukraynalı şahmatçı Vasili İvançuka qalib gəlmişdim. Partiyadan sonra İvançuk ağlamağa başladı. Göz yaşlarını görəndə çox pis oldum. Onun pərəstişkarları da üzüldü. İvançuk çox duyğusal insandı, ona görə özünü saxlaya bilmədi".

 

Mənbə: shamkirchess.com

0