[b]“Şəhriyar Məmmədyarovun sonda gücü çatmadı” – Olimpiya çempionu[/b]
09.04.2018 - 12:04
[b]“Şəhriyar Məmmədyarovun sonda gücü çatmadı” – Olimpiya çempionu[/b]

“Şəhriyar, demək olar ki, turnirə hazır idi. Amma hardasa finişdə o da bir damcı boşluq verdi”. Apasport.az saytının məlumatına görə, bunu rusiyalı qrossmeyster Aleksey Dreyev deyib.

 

Üçqat Olimpiya çempionu Berlində keçirilmiş iddiaçılar turniri ilə bağlı müsahibə verib. Həmyerlimiz Şəhriyar Məmmədyarovu bu yarışa məşqçi kimi hazırlayan Dreyev şahmatçımızın hansı səbəbdən çempion ola bilməməsinin səbəblərindən danışıb.

 

O bildirib ki, Məmmədyarovun çinli Dinq Lirenə məğlubiyyətini isə faciəyə çevirmək düzgün deyil: “Onunla uğursuz qarşılaşma həm Şəhriyarın özü, həm də turnir üçün tipik deyil. Ümumilikdə demək olar ki, Məmmədyarov yarışa hazır idi və sonda gücü çatmadı. Bunu belə də, fərqli də izah etmək olar. Çünki heç vaxt 100 faizlik heç nə demək mümkün deyil. İstənilən halda, turnirə maksimum hazırlıqlı olmalısan. Amma bu o demək deyil ki, yarış vaxtı vəziyyət dəyişməyəcək. Təbii ki, müxbir səndən soruşanda ki, yarışa hazırsanmı? Sən də “hazıram” deyirsən”.

 

Dreyevin sözlərinə görə, qrossmeysterimizlə təlim-məşq də əla alınıbmış: “Mən toplanış keçdim. Mənəvi, fiziki və digər baxımlardan hazırlaşdıq. Lakin bu hələ uğur qazanmaq deyil. Yarışlar, xüsusilə də uzun turnirlər vaxtı durumun dəyişə bilər. Çünki şahmatçının vəziyyəti təkcə fiziki deyil, həm də psixoloji amillərdən asılıdı. İdmançının əhval-ruhiyyəsi pisləşə, ailə problemləri çıxa və ya oyunun sonluğu xoşuna gəlməyə bilər. Ona görə də turnir öncəsi olan forma bütün yarışboyu qala bilməz. Hər xırdalıq əhval-ruhiyyəyə də təsir edir. Çünki şahmat emosional sferadı”.

 

Dünya çempionu iddiaçılar turnirində ikinci olub, şahmat tacı uğrunda oynaya bilməyəcək Məmmədyarovla gələcək işbirliyindən də danışıb: “Şəhriyarla bundan sonra da əməkdaşlıq etməyə hazıram. Onun bu işbirliyindən razı olub və ya olmadığını deyə bilmərəm. Amma düşünürəm ki, o da razıdı. Əlbəttə, biz birinci yer üçün mübarizə aparırdıq. Amma belə turnirdə ikinci yer də faciə sayılmamalıdı. Ümumilikdə o kifayət qədər yaxşı oynadı, öz reytinqini qaldırdı. İddiaçılar turniri həm Şəhriyarın, həm mənim, həm də ona kömək edən digərlərinin aktivinə yazılmalıdı. Düzdü, daha artığını da edə bilərdik. Amma nə etmək olar? Ulduzlar bu dəfə Fabiano Karuanaya tərəf baxdı. Ola bilər ki, gələn dəfə Şəhriyara tərəf baxsın. Həyat davam edir, iki il sonra növbəti iddiaçılar turniri olacaq. Belə başa düşürəm ki, Şəhriyar reytinqinə görə həmin yarışa da qatılacaq. Bir sözlə, onun daha bir cəhdi olacaq. Mümkündü ki, üçüncü cəhddə hər şey alınsın. Niyə də yox? Bu, tamamilə mümkündü. Ümid etmək və işləmək üçün hər cür əsasımız var”.

0