[b]Debütantda 8 yeni müqavilə![/b]
23.10.2017 - 14:54
[b]Debütantda 8 yeni müqavilə![/b]

Azərbaycan Super Liqasının debütantı “Abşeron” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, komanda artıq 8 voleybolçu ilə müqaviləni rəsmiləşdirib.

 

“Rabitə” və “Telekom”la Super Liqada, Çempionlar Liqasında və klublararası dünya çempionatında uğurlar qazanmış baş məşqçi Eldar Yusubov “Abşeron”a əsasən perspektivli oyunçuları cəmləyib.

 

Belə ki, millimizin üzvlərindən Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva yeni mövsümdən debütantın uğurları üçün çalışacaq.

 

Bu təcrübəli oyunçulara hələlik bir legioner də yardımçı olacaq. Ukraynalı Yekaterina Kalçenko artıq dünəndən komandaya qoşulub. 25 yaşlı blokçunun karyerası əsasən “Ximik”lə bağlıdı. 185 sm boya malik Kalçenko Türkiyənin “Karayolları” klubundan transfer edilib. 6 dəfə Ukrayna çempionatının qızıl medalçısı olan voleybolçu 4 dəfə ölkə kubokunun finalında oynayıb və onun 2-də qələbə qazanıb.

 

“Telekom”da əsas yığmaya 5 oyunçu yetişdirən Yusubov 2 gənci də “Abşeron”a dəvət edib. Bunlar Fidan Əhmədxanova və Fidan Ağaməmmədovadı.

 

Yeni mövsümdə uğurlu çıxış hədəfləyən komanda artıq bu gündən hazırlıqlara da start verib. Təcrübəlilərlə gənclərin sintezindən qurulan “Abşeron”a yaxın günlərdə yeni voleybolçuların qoşulması da istisna edilmir.  

 

Qeyd edək ki, ötən mövsüm “Azərreyl”də oynamış Yana Əzimova Yusubovun yetirmələrindən hesab olunur. Onlar “Telekom”da da bir yerdə çalışıblar.

 

0