[b]“Ən çox İçərişəhəri xatırlayacam” - MÜSAHİBƏ[/b]
28.02.2018 - 15:08
[b]“Ən çox İçərişəhəri xatırlayacam” - MÜSAHİBƏ[/b]

“Azərreyl”in voleybolçusu Viktoriya Dedkovanın apasport.az saytına müsahibəsi

 

- Martın 2-də Super Liqada keçiriləcək növbəti turla II dövrə yekunlaşacaq. VI tur çərçivəsində qarşılaşacağınız "Abşeron"la görüşə hazırlıq necə gedir?

- Biz aktiv şəkildə məşq edirik, hazırlaşırıq və digər komandalara baxıb təhlil edirik. Onların oyun sistemlərini nəzərdən keçiririk. Hər bir voleybolçunu belə ayrı-ayrılıqda analiz edirik. Məşqçimiz hamıya hər şeyi tam izah edir. Harada necə oynamağı, necə dayanmağı başa salır. Bu üzdən də hazırlıq plan üzrə gedir. Belə məşqlərlə müsbət nəticə göstərəcəyimizi düşünürəm.

 

- “Azərreyl” bu mövsüm ölkə çempionatında hələ uduzmayıb və xal da itirməyib. Marafonda hansı klubu özünüz üçün əsas rəqib sayırsız?

- Bütün komandalar təxminən bərabər səviyyəlidi. Ona görə də biz hər bir görüşə məsuliyyətlə yanaşırıq. Heç bir klublar oyunda arxayınlaşmaq olmaz. Bunu nəzərə alıb, üzərimizdə daim çalışırıq.

 

- Demək olarmı ki, əsas rəqiblərinizdən olan "Abşeron"u bu dəfə də məğlub etsəz çempionluğa bir addım yaxınlaşacaqsız?

- Qarşımıza vəzifə qoyulub ki, bütün rəqiblərə qalib gələk. Bu üzdən də rəqibin güclü və zəif olmasından asılı olmayaraq öz oyunumuzu göstərməli, lazım olan nəticəni qazanmalıyıq.

 

- "Azərreyl" son mövsüm çempionluq yarışında "Telekom"a məğlub oldu. Bu mövsüm qızıl medalları qazanacağınıza inanırsızmı?

- Bəli. Əminəm ki, çempion olacağıq. Çünki çox yaxşı məşq prosesi keçirik. İşə çox peşəkar yanaşırıq. Bütün bunları nəzərə alıb deyə bilərəm ki, qızıl medallar bizim olacaq.

 

- Siz komandaya bir qədər gec qoşulduz. Adaptasiya baxımından çətinlik yoxdumu?

- Düzdü, komandaya hamıdan gec qoşulmuşam. Fitnes məşqçimiz Sinişa Popekin sayəsində tezliklə tam hazır oldum. “Azərreyl”də çox yaxşı kollektiv formalaşıb. Qızlar da mənə komandaya uyğunlaşmağa kömək etdilər. Bunun sayəsində də öz formamı yığıb, komandanın bir parçasına çevrildim. Bunda çalışdırıcı, məşqlər və qızların rolu böyük oldu. 

 

- Azərbaycan çempionatında vaxtilə “Lokomotiv Biləcəri”də oynamısız. İndi isə iddialı “Azərreyl”in şərəfini qoruyursuz. Bu iki komandanı necə müqayisə edərdiz?

- Bu komandaları müqayisə etmək olmaz. “Lokomotiv Biləcəri” əsasən gənclərdən formalaşmışdı. Həmin vaxt müəyyən səviyyəyə malik rəqiblərlə qarşılaşanda bizim heç bir şansımız olmurdu. Komandamızın qarşısına hansısa yüksək bir yer tutmaq tapşırığı da qoyulmamışdı. Buna baxmayaraq, hər qarşılaşmaya mübarizə aparmaq üçün çıxırdıq və sonadək də döyüşürdük. Çox şey alınmasa da, çalışırdıq. Nəticədə böyük və faydalı təcrübə də qazanmış olurduq. “Azərreyl”də isə qarşımıza daha böyük vəzifə qoyulub. Çünki çox güclü heyət də toplanıb. Yaxşı oyunçular yaxşı da hazırlıq keçir. Hədəfimiz də yalnız birinci yeri tutmaqdı.

 

- Həmin vaxtla indiki Super Liqa arasında hansı fərqlər var?

- Əvvəl əsasən ulduzlar çıxış edirdi. Super Liqa da çox güclü idi. Yaxşı maliyyələşmə vardı. Top-oyunçular transfer olunurdu. Sonra bir sıra çətinliklər yaşandı. Amma indi hər şey müsbətə doğru gedir. Düşünürəm ki, hər şey düzələcək və yaxşı olacaq.

 

- Ölkəmizdən getdikdən sonra Bakıda kiminləsə əlaqə saxlayırdınızmı? "Azərreyl"ə gəlişinizdə onlardan hansısa məsləhətləri aldınızmı?

- Azərbaycandan müəyyən müddət öncə ayrılsam da, əlaqəni kəsməmişdim. Qızlarla daim ünsiyyətdə olurdum. Yeniyetmə, gənc yaşlarımız bir yerdə keçdiyindən o vaxtlardan dostlaşmışıq. Yaxşı rəfiqələrim var. Onlar arasında ukraynalılar da olduğunu deməliyəm. Bu səbəbdən də biz bir ailə kimiyik. Məsləhətə gəlincə, bu idmandı, gələndə hər şeyi özün ölçüb biçirsən. Bunu qızlardan soruşmursan. Variantları götür-qoy edib, nəyin yaxşı olacağına qərar verirsən. “Lokomotiv Biləcəri”də oynadığım vaxtdan bilirdim ki, “Azərreyl”də hər şey yaxşıdı. Mən də ona görə buranı seçdim və heç bir problemsiz gəldim. Hər şey qaydasındadı.

 

- Ölkəmizdən Rumıniyaya, ordan isə Qazaxıstana yollanmısız. Ukrayna çempionatında da oynadığnızı nəzərə alsaq, bu birinciliklərdən hansını fərqləndirərdiz?

- Ukrayna, Rumıniya və Qazaxıstan çempionatlarını müqayisə etsək, ürəyimə daha yaxın olanı Ukrayna birinciliyidi. Çünki orda Bakıda da birgə çalışdığım İqor Fliştinskinin rəhbərliyi altında çıxış edirdim. Mənə onunla işləmək həmişə xoş olub. Çünki Fliştinskinin məşq prosesi də çox yaxşıdı. Belə mütəxəssislə işləməkdə ancaq məmnunluq hiss etmişəm. Rumıniyada maliyyə çətinliyi olduğundan mövsümün sonunadək qala bilmədim.  

 

- Azərbaycan paytaxtı barədə də fikirləriniz maraqlıdı. Bakıda asudə vaxtlarınızı səmərəli keçirə bilirsizmi?

- Bakı çox gözəl şəhərdi. Çox sayda gözəl, gəzməli yerlər var. Dənizkənarı Milli Park da əladı. Orda gəzmək, istirahət etmək olar. Boş vaxtlarımı uşağımla keçirirəm. Gəzirik, görməli yerlərə baxırıq. İçərişəhər çox gözəldi. Yəqin ki, ən çox İçərişəhəri xatırlayacam. Orda həm gəzməli, baxmalı yerlər çoxdu, həm də suvenirlər və digər maraqlı əşyalar almaq mümkündü.

0