[b]“Məqsədim vardı, kim olduğumu göstərməliydim” – Yana Kulan[/b]
10.03.2018 - 10:41
[b]“Məqsədim vardı, kim olduğumu göstərməliydim” – Yana Kulan[/b]

Azərbaycan millisinin voleybolçusu Yana Kulan “worldofvolley”ə müsahibə verib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Beylikdüzü” klubunun şərəfini qoruyan 31 yaşlı hücumçu Sultanlar Liqasında 2017/2018 mövsümündəki çıxışını dəyərləndirib, gələcək planları barədə danışıb. 

 

- Komandanız Sultanlar Liqasındakı yerini pley-offda oynamaqla qorudu. Düşünmürsüz ki, mövsümün gedişində bəzi anlar daha yaxşı nəticənizə mane oldu?

- Bəli, həmişə daha yaxşı oymamaq imkanı olur. Amma həmin görüşləri artıq keçirmişik. Onlar arxada qalıb. Biz yalnız gələcəyə baxa bilərik. Üstəlik, 9-cu yeri tutmaq belə gənc komanda üçün heç də pis nəticə deyil. Axı klubumuz 2014-cü ildə yaranıb. Əla məşqçimiz və rəhbərliyimiz var ki, onlar bizi çətin anlarda da dəstəkləyirdilər. Uğurumuzun daha bir sirri komandadaxili unikal ab-havanın olmasıdı. “Beylikdüzü”nün üzvlərini böyük dostluq telləri birləşdirirdi və bu da bizi daha da gücləndirirdi.

 

- Öz çıxışınızı necə dəyərləndirərdiz?

- Bu il mənim məqsədim vardı. Özümü, kim olduğumu, necə oynadığımı göstərməliydim. İdmançının çıxışı mobil əlavələrə oxşayır. Daim yenilənməlidi. Həmçinin yeni hədəfə doğru irəliləməli və özünə yol açmalıdı. Mən oyun keyfiyyətlərimi artırmaq üzərində çalışıram. Daim məni motivasiyada saxlamağa çalışan komanda yoldaşlarım sayəsində daha uğurlu çıxış edə biləcəyəm.

 

- Bu sizin Türkiyədə 4-cü mövsümünüzdü. Bəs karyeranızla bağlı növbəti planlarınız necədi?

- Mən işimi və karyeramı davam etdirmək fikrindəyəm. Bu üzdən elə bir komandada oynamaq istəyirəm ki, orda məni tanıyırlar. Mən də həmin klubda daha yaxşı çıxış edim. Xal qazanmağı sevirəm. Çünki ən yaxşı müdafiə hücumdu. Yaxın günlərdə menecerim Tunc Afşarla görüşüb, növbəti mövsümü müzakirə edəcəyik.

 

- Karyeranız boyu bir sıra liqalarda çıxış etmisiz. Onlardan hansını daha güclü hesab edirsiz?

- Biz liqaları müqayisə edə bilmərik. İndiyədək Rusiya, Cənubi Koreya, Azərbaycan, Türkiyə və Çin çempionatlarında oynamışam. Elə birinciliklərdə oynamağı sevirəm ki, orda tribunalar azarkeşlərlə dolu olsun, yaxşı təşkilatçılığı ilə seçilsin və qarşılaşmalar hücumlar üzərində qurulsun.

 

- Qarşıda yay fasiləsi gəlir. İstirahət dövrü ilə bağlı planlarınız necədi?

- Mövsüm bitən kimi Slovakiyaya yollanacam. Orda ailəmin yanında olacam. Bir aylıq fasilədən sonra yeni mövsümə hazırlaşmağa start verəcəm.

 

- Voleybolçu olmasaydız, nə işlə məşğul olardız?

- Gənc idmançılar, onların ailəsi və məşqçiləri üçün məsləhətçi kimi çalışardım. Hesab edirəm ki, bir çox istedadlı uşaqların idmanda yeri görünür. Çünki onların valideynləri uşaqlarının seçimini vaxtında düzgün etməyiblər. Bu da təhsillə idmanın düzgün balanslaşdıra bilməməkdən irəli gəlir.

 

- Gənc voleybolçulara nə məsləhət görərdiz?

- Onlar düşünməsin ki, televiziyada və internetdə gördükləri yüksək səviyyəli idmançılar bunu əldə ediblər. Gənclər həmin adamların çox çalışıb bu yerə çatdıqlarını bilməlidilər.

0