“Meydanda istədiyimizi edirdik” – “Olimpiya”nın kapitanı
19.07.2018 - 15:14
“Meydanda istədiyimizi edirdik” – “Olimpiya”nın kapitanı

“Çətin oyun gözləyirdik. “Qarabağ” bizə düşə biləcək ən güclü komanda idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpiya”nın kapitanı Branko İliç deyib.

 

Sloveniya klubunun əsas kapitanı yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”la dünən keçirilən oyunu dəyərləndirib.

 

Matça ehtiyatdan başlayan və son 16 dəqiqədə meydanda olan İliç Bakıda qalib gələ bilmədikləri üçün məyus olduqlarını bildirib: “Belə komandaya qarşı ələ düşən imkanı qaçırmaq olmaz. Cəmi 1 nöqtədə səhv etdik və bu, bizə baha başa gəldi. İlk 15 dəqiqədə meydanda istədiyimizi edirdik. Hər şey yaxşı gedirdi. Lakin getdikcə müdafiə ilə hücum arasında boşluq artdığından işimiz çətinləşməyə başladı. Artıq Çempionlar Liqası ilə vidalaşdıq. İndi bizi daxili çempionat, ardından isə Avropa Liqası matçı gözləyir. Əlbəttə ki, ÇL-lə vidalaşmağımız bizə əziyyət verir. Çünki mərhələ adlayacağımıza çox inanırdıq. “Qarabağ” evdə oynayırdı. Amma onlara qarşı çıxışımız ümidli olmağa imkan verdi. Bundan sonra yalnız uğurlu nəticələr barədə düşünmək lazımdı. Fikrimcə, bundan da yaxşı oyun göstərə bilərik”.

 

Qeyd edək ki, mübarizəni Avropa Liqasında davam etdirəcək “Olimpiya” II təsnifat mərhələsində “Kruzaders”lə qarşılaşacaq.

0