[b]“Neftçi”nin səhnədən getməsi və Qarayevlə başlayan inkişaf - LAYİHƏ[/b]
09.08.2017 - 18:49
[b]“Neftçi”nin səhnədən getməsi və Qarayevlə başlayan inkişaf - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsinin növbəti yazısında komandalarımızın sabiq SSRİ dövründə son çıxışlarına nəzər yetirir.

 

“Neftçi” süqutu, yaşasın BMKZ

1979-cu ildə SSRİ çempionatının yüksək dəstəsi ilə vidalaşan qadın voleybolçularımız I liqaya uzunmüddətli sürgünə məruz qaldı. İlk mövsümdə aşağı dəstədə 8-ci yeri tutan “Neftçi”nin yaxın müddətdə yüksəlişə nail olmaq perspektivi də görünmürdü. Həmin vaxt komandada ciddi problemlər də hökm sürürdü. Demək olar ki, aparıcı voleybolçular “Neftçi”dən ayrı düşür, təcrübəli mütəxəssislər bu klubu çalışdırmağa razı olmurdular. Məhz belə bir zamanda komanda sahibini dəyişdi. “Neftçi” Bakı Məişət Kondisionerləri Zavodunun tərkibinə verildi. Onlar 1980-ci ildən yeni adla – BMKZ kimi çıxış etməyə başladılar.

 

I dəstənin bürünc mükafatçısı

Bu ad da komandaya bir müddət uğur gətirmədi. Növbəti 2 mövsümdə bakılılar I dəstənin ortababı imici ilə barışmalı oldular. 1982/83 mövsümü paytaxt təmsilçisi III yeri tutaraq, kiçik bürünc medallara yiyələndi. Lakin bu da yüksək liqaya dönmək üçün yetərli deyildi. Yalnız qalib birbaşa elitaya yüksəlir, ikinci yerin sahibi isə keçid matçına vəsiqə qazanırdı. Növbəti ili yenə boşa verən komanda 1984/85 mövsümündə keçid turnirinə vəsiqə əldə etdi. Yüksək liqanın 4 ən zəif və I dəstənin 4 ən güclü komandasının qatıldığı yarış BMKZ üçün bir şans olsa da, təmsilçimiz bundan yaralana bilmədi. Onlar 8 komanda arasında sonuncu oldular.

 

Faiq Qarayevin şans qazanması

1985/86 mövsümü də komandamıza uğur gətirməyib və bundan sonra Azərbaycan voleybolunun gələcəyini müəyyənləşdirəcək qərar verilib. Həmin vaxt gənc olan, zədə səbəbindən voleybolçu karyerasını erkən bitirən Faiq Qarayev BMKZ-ya baş məşqçi təyin olunub. İlk illərində heç kimin tanımadığı mütəxəssisin sonradan adını Azərbaycan idman tarixinə qızıl hərflərlə yazdıracağına çoxları inanmırdı. Lakin Qarayevin uğurları özünü çox gözlətməyib. Gənc çalışdırıcı ilk mövsümündə yetirmələrini yenidən keçid turnirinə daşıyıb. Bu dəfə komandamız daha uğurlu çıxış edərək, 5-ci olub. 1987/88 mövsümü Qarayevin ilk titulu ilə tarixə düşüb. O, ardıcıl 9 mövsüm çıxış etdiyi I dəstədən çempion kimi ayrılmağı bacarıb. Bu da komandamıza SSRİ dövrünün son illərini ən güclülər arasında keçirmək imkanı verib.

 

Son bürünc

Qarayevli BMKZ-nın güclülər dəstəsindəki debütü uğurlu alınmayıb. Bakılılar 12 komanda arasında yalnız 9-cu yeri tuta biliblər. 1989/90 mövsümü isə tarixi uğurla əlamətdar olub. Təmsilçimiz həmin dövr təkcə SSRİ-nin deyil, bütün Avropanın liderlərindən olan “Uraloçka”, həmçinin İttifaqda ikinci hesab edilən Alma-Atanın ADK klubundan geri qalaraq, bürünc medal qazanıb. Bu, voleybol tariximizdə ilk mükafat olmasa da, avrokubok baxımından böyük əhəmiyyət kəsb edib. Çünki Azərbaycan tarixində ilk dəfə klubumuz beynəlxalq arenaya ayaq basıb. Bu medalın qazanmasında Natalya Bajenova, Svetlana Bondarenko, Alla Gempel, Svetlana Gempel, Yelena Duminova, Alla Zaikina (Həsənova), Vera Klimenyuk, Nisə Quliyeva, Yelena Lisoxmara, Larisa Novoseltseva, Svetlana Seleznyova və Liliya Sergeyevanın payı olub.

 

Avrokuboka qələbə ilə start

Təmsilçimizin avrokubokda debütü CEV kubokuna təsadüf edib. BMZK mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Voleybolçularımızın ilk rəqibi Kiprin “Olimpiakos Neapoleos” klubu olub. 1990-cı il noyabrın 3-də Bakıda baş tutan birinci matç asan qələbə ilə başa çatıb - 3:0 (15:7, 15:10, 15:10).

 

Paytaxt təmsilçisi 1 həftə sonra da çətinlik çəkmədən qalib gəlib. Faiq Qarayevin komandası səfərdə də rəqibini set vermədən məğlub edib. Kiprlilər doğma azarkeşlər qarşısında “quru hesabla” uduzublar - 0:3 (8:15, 7:15, 9:15).

 

1/8 final səddi isə komandamız üçün keçilməz olub. Voleybolçularımız set fərqinə görə mərhələ adlaya bilməyiblər. Belə ki, İtaliyanın “Peskopagano” klubu ilə üz-üzə gələn BMKZ səfərdə 1:3 (9:15, 15:6, 13:15, 7:15) hesabı ilə uduzduqdan sonra Bakıda revanş alıb. Lakin 3:2 (15:6, 13:15, 14:16, 15:5, 15:5) hesablı qələbə mərhələ adlamaq üçün yetərli olmayıb.

 

Əldən gedən mükafat

1990/91 mövsümü sonuncu SSRİ çempionatı kimi yaddaşlara yazılıb. Qarayevin yetirmələri 1 il öncə qazandıqları bürünc medalı qorumaq uğrunda sonadək mübarizə aparıblar. Yenə liderlər “Uralokça” və ADK-nı özündən irəli buraxan bakılılar bürünc medal uğrunda görüşlərdə “Uraloçka-2” ilə qarşılaşıblar. Yekaterinburq klubu mükafatı komandamızdan təhvil alıb.

 

 

Kubokla vida

1991-ci il Azərbaycan voleybol tarixində daha bir ilklə əlamətdar olub. Təmsilçilərimizin SSRİ daxilindəki son ili 65 illik tarixin ən böyük uğuru ilə başa çatıb. BMKZ ümumittifaq dərəcəli yarışlarda ilk böyük titulunu SSRİ kubokunda əldə edib. Faiq Qarayevin yetirmələri kuboku başları üzərinə qaldırmaqla, yarışın tarixinə son qalib kimi düşüblər. 1974-cü ildə yüksəldiyi finalda “Medin”ə uduzan voleybolçularımız ikinci cəhdində əldə etdiyi bu titulla yenidən Avropada oynamaq hüququ qazanıblar.

 

Qeybə çəkilən ulduz

Azərbaycan voleybol tarixiboyu qadınların kölgəsində qalan kişilər SSRİ dövrünün son illərini uğursuz keçiriblər. Klublarımızın dəfələrlə adını və sponsorunu dəyişməsi də irəliləyişə təkan verməyib. 1982-ci ildən OİK, 2 sonra “Ulduz”a çevrilən komandamız I dəstənin ortabablarından biri kimi xatırlanır. 1985/86 mövsümündəki 11-ci yer isə SSRİ çempionatlarında son çıxış olub. Bundan sonra “Ulduz” da “sönüb”.

 

“Modena” sindromuna start

Ölkə kubokunun qalibi BMKZ yenidən CEV kubokunun 1/16 final mərhələsindən mübarizəyə qatılıb.  1991/92 mövsümündəki ilk rəqib “Flaros” (Rumıniya) olub. Komandamız hər 2 matçda (3:2, 3:0) rəqibini məğlub edib. İkinci cəhddə 1/8 final səddi də keçilib. Voleybolçularımız bu mərhələdə “Elit” (İsveçrə) klubunu mübarizədən kənarlaşdırıb – 3:0, 3:2.

 

BMKZ-nın yolunu ikinci avrokubok mövsümündə də İtaliya təmsilçisi kəsib. Qarayevin yetirmələri 1/4 finalda sonradan Azərbaycan klubları üçün arzuolunmaz rəqibə çevrilən “Modena” qarşısında büdrəyiblər. Rəqib hər iki matçda üstün olub – 3:0, 3:1.

 

 

Komandalarımız eksperimental çempionatda

SSRİ çempionatları 1991-ci ildə başa çatsa da, digər ölkələrdən olan güclü komandaları əldən vermək istəməyən Rusiya birləşmiş çempionat xəyalını gerçəkləşdirməyə də çalışıb. Bu səbəbdən də təmsilçilərimiz 1991/92 mövsümünü fərqli, daha çox eksperimental çempionatda qüvvəsini sınayıb. Kişilər MDB-nin açıq çempionatına qatılıb. Bu dəfə “Dinamo” kimi səhnəyə çıxan komandamız I dəstədə mübarizə aparan 18 komanda arasında sonuncu olub. Qadınlar isə Rusiyanın açıq çempionatında güclərini yoxlayıblar. Hətta Xorvatiya klubunun da qatıldığı postsovet məkanının komandalarının yarışında BMKZ 7-ci yerlə kifayətlənib.

 

 

Beləliklə, 65 illik SSRİ bayrağı altında çıxışımız yekunlaşıb. Növbəti yazılarımızda müstəqil Azərbaycan voleybolunun tarixinə diqqət yetirəcəyik. 

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0