[b]Səmədova ehtiyatda qalmasına aydınlıq gətirdi: Mövqeyimdə oynayan voleybolçunun hamilə olduğunu eşitmişdim[/b]
28.12.2017 - 11:24
[b]Səmədova ehtiyatda qalmasına aydınlıq gətirdi: Mövqeyimdə oynayan voleybolçunun hamilə olduğunu eşitmişdim[/b]

İtaliyanın “Skandiççi” klubunun şərəfini qoruyan Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədovanın apasport.az saytına müsahibəsi

 

- Mövsümün əvvəlində transfer olunduğunuz komandada hələ debüt etməmisiniz. Ümumilikdə işləriniz necə gedir?

- İtaliya mənim üçün tam yenidi. Fərqli ölkə, fərqli mədəniyyət, fərqli voleybol... Öncə uyğunlaşmaqda çətinlik deməzdim, müəyyən vaxta ehtiyac vardı. Çünki adaptasiya dövrünü keçməli idim. Artıq həmin dövr arxada qaldı. Əslində, İtaliyaya tez alışdım. Düşünürəm ki, burda olmaq mənim üçün elə də çətin bir iş deyil. Hətta olduqca xoşdu. Bəli, müəyyən şeylər istədiyim kimi getmir. Gözlədiyimdən aşağı səviyyədədi. Amma bunların da öz yoluna düşəcəyinə inanıram.

 

- Bəlkə “Skandiççi”yə uyğunlaşmaqda hansısa problem var...

- Komandaya uyğunlaşmaqda da heç bir problemim yoxdu. İlk gündən özümü “Skandiççi”də oynamağa hazır bilirdim. 6 təklif arasından məhz bu komandanı seçməyimdə tək səbəb o oldu ki, buraya gələndə mövqeyimdə yalnız Lusia Bosetti vardı. Flurtye Meiynersin isə hamilə olduğunu eşitmişdim. Yəni, istənilən halda mənim üçün problem deyildi. Əgər oynamağı düşünürəmsə, mövqeyimdə çıxış edən bütün rəqiblərimi üstələmək gücünü özümdə görürdüm. Bu xəbərlərin olması şərait yaratdı ki, bu komandada daha çox oynaya bilərəm. Qərarımı da buna uyğun verdim. Həmin vaxt da ən düzgün variantın bu olduğunu düşünürdüm və gedişat da onu göstərirdi.

 

- Komanda sonradan sənin mövqeyinə bir neçə oyunçu transfer edib. Vaxtilə Azərbaycanda da işləmiş Karlo Parisinin sizə etimad göstərməməyi nədən irəli gəlir?

- Onu uzun müddətdi tanıyıram. Parisi də məni yaxşı tanıyır. Hətta Azərbaycan Super Liqasının yarımfinalında o “Lokomotiv”də mən “Telekom”da olarkən də üz-üzə gəlmişdik. Yekunda dueldən mənim komandam qalib ayrılmışdı. Bəlkə də bu keyfiyyətlərimə görə məni “Skandiççi”də görmək istədiyini düşünürdüm. Elə də deyirdilər. Çünki məhz onun çox böyük istəyi olmuşdu ki, mən bura gəlim. Buna görə də Parisinin mənə etimad göstərməməsinin səbəbi haqda bir şey dəyə bilmərəm. Mən oyunçu, o məşqçidi. Buna münasibət mənim haqqım deyil.

 

- Ümumiyyətlə, bu barədə Parisi ilə söhbətiniz olubmu?

- Sadəcə onu deyə bilərəm ki, hər zaman komandaya kömək etməyə hazıram. Sözsüz, bununla razılaşmıram ki, ehtiyat oyunçusu olmalıyam. Mən 5 il istənilən səviyyədə oynadığım komandada ilk “altılıq”da yer almışam. Həmişə özümü əsas rollarda görmüşəm və komandama da bu yöndən kömək etmişəm. Buna görə də “Skandiççi”də oynamaq baxımından hazır deyiləm kimi problemim yoxdu. Hər zaman hazıram. Komandaya lazım ola biləcək köməyi verə biləcəyimə inanıram. Bu, məşqçi seçimidi. Bunu müzakirə etmək istəməzdim. Əlbəttə, bununla razı deyiləm və bir neçə dəfə danışıqlarımız olub.

- Komandanızı dəyişəcəyinizlə bağlı söhbətlər yayılıb. Bu nə dərəcədə doğrudu?

- Bir neçə klubdan təkliflər var. Sadəcə “Skandiççi” ilə müqaviləm var. Bu komanda məni 2 il öz heyətində görmək istəyirdi. Amma bu gedişat əlbəttə ki, mənə xoş deyil və biz artıq rəhbərliklə də görüşmüşük. Əgər danışıqlar müsbət yekunlaşarsa, ola bilər ki, karyeramı başqa bir komandada davam etdirim. Eyni zamanda, mövsümü “Skandiççi”də başa vurmağım da istisna deyil. Hər şey mənim qərarımdan asılıdı. Klub rəhbərliyi getməyimi istəmir. Qərarı mənim verəcəyimi deyirlər. Mən də düzgün addım atmaq istəyirəm. Hələ 2 ay keçib. Qarşıda çox böyük oyunlar var. Yenə də inanıram ki, istənilən an meydana çıxmağa hazıram və bu mənim üçün heç bir çətinlik törətmir. Amma ən yaxşısı nədi, menecerimlə o qərarı verməyi düşünürük.

 

- Çoxları maliyyə baxımından bu klubu seçdiyini deyirlər. Həqiqətənmi belədi?

- Hər bir oyunçuya meydanda olmaq önəmlidi. Mənim üçün bundan başqa variant da ola bilməz. Heç zaman maliyyəyə baxmamışam. Maliyyə şərtləri nə qədər yüksək olsa da, burdan getməyi də düşünürəm. Bu, bir daha sübut edir ki, mənim üçün oynamaq daha mühüm faktordu. Yüksək maliyyə təklif edən digər klublar da vardı. Hətta bundan da üstünü vardı və onu dəyərləndirmədim. Çünki mənim üçün karyera, çempionatın və komandanın səviyyəsi hər şeydən önəmlidi. Buna görə də hər zaman iddialı komandada olmaq istəmişəm. Seçimim də bundan irəli gəldi.

 

- Təcrübə baxımından geri düşmüsüz. Halbuki, Azərbaycana gələndən daim əsas heyətdə oynayırdız. Fikirləşmirsiz ki, digər klubları seçsəydiz daha da inkişaf edə bilərdiz?

- Hazırda da oynamaq üçün özümdə hazır olmayan hansısa cəhət görmürəm.

 

- Super Liqada qızıl və gümüş medallar qazanmısız, yekuna əsasən simvolik komandada yer almısız. A seriyası barədə nə deyə bilərsiz?

- Mənə elə gəlir ki, A seriyası planetin ən güclü çempionatıdı. Həqiqətən də burdakı təşkilatı işlər, komandaların səviyyəsi, mübarizə əzmi digərlərindən çox fərqlənir. Yəni elə bir çempionatdı ki, birinci yerdə gedən klub sonuncu pillədə qərarlaşana istənilən anda məğlub ola bilər. Dəyərdim ki, heç də favoritlərin aşkar üstün olduğu bir yarış deyil.

- Azərbaycan millisinin dünya çempionatında rəqibləri müəyyənləşib. Komandamız ABŞ, Rusiya, Cənubi Koreya, Tailand və Trinidad və Tobaqo ilə oynayacaq. Qrupumuzu necə şərh edərdiz?

- Rəqiblərimiz kifayət qədər güclü komandalardı. Belə yarışlarda zəif komanda yoxdu deyə bilmərik, amma çox az olur. Yığmaların mundiala yenilənmiş və ya güclənmiş heyətlə gələcəkləri barədə fikri yayda daha dəqiq demək mümkündü.

 

- Avropa Liqası barədə nə deyə bilərsiniz? Sizcə komandamız burda yenidən özünü sübut edə biləcəkmi?

- Biz bir dəfə bu turnirin qalibi olmuşuq. Düşünürəm ki, bir daha iştirak ediriksə, yenə də zirvə üçün oynayacaq. Mən də millimizin qalib gəlməsi üçün əlimdən gələni edəcəm. Çünki bizim üçün önəmlidi, yeni mərhələyə qədəm qoymuşuq. Yığma irəliləməkdə davam etməlidi. Düşünürəm ki, iddialı olacağıq. 

0