Valeriya Korotenkonun komandası “Əczaçıbaşı Zentiva”nı məğlub edib
07.04.2008 - 12:08
Valeriya Korotenkonun komandası “Əczaçıbaşı Zentiva”nı məğlub edib
Bakı. Kənan Həsənov-APA-Sport. Türkiyənin voleybol Superliqasında növbəti turun görüşləri keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın üzvləri Oksana Quliyeva və Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu öz meydanında, yığmamızın sabiq üzvü İnessa Qorxmazın yer aldığı “Əczaçıbaşı Zentiva” ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandasının uğurunda önəmli rol oynayan V.Korotenkonun oyunu üç, O.Quliyevanın oyunu isə iki ulduzla qiymətləndirib. İ.Qorxmaz qarşılaşmada iştirak etməyib. Məğlubiyyətə baxmayaraq, hesabında 51 xal olan “Əczaçıbaşı Zentiva” liderliyini qoruyub. Eyni xal toplayan “Fənərbaxça Acibadem” yalnız set fərqinə görə ikinci pillədə qərarlaşıb.
0